
"Gerasimovunun təyin olunması hərbi və taktiki yanaşmadır".
Bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli 32gun.az-a danışarkən deyib.
Ə.Əlibəyli Rusiyanın Ukraynadakı ordusunun komandanın dəyişdirilərək yerinə Baş Qərargah rəisi Valeri Gerasimovun gətirilməsi ilə bağlı şərhinə əlavə edərək bildirib ki, ruslar daha böyük ordu ilə hərbi əməliyyatlara başlaya bilər:
"İndiyə qədər orada rəhbər Surovikin olub. O da bir başa komandan deyildi. Eyni zamanda Çeçenistan başçısı Ramzan Kadırov, rus muzdlu qrupu “Vaqner”in rəhbəri Yevgeni Priqojin ilə birlikdə çıxış edirdilər. Surovikin hava qüvvələri komandanıdır.
Rusiya Ukraynanın bombalanması layihələrini həyata keçirirdi. Amma görünən odur ki, bir o qədər də uğurlu nəticələrlə yadda qalmadılar. Bir il ərzində ukrayna cəbhəsində gözlənilən üstünlüyün əldə edilməməsi var. Müəyyən nöqtələrdə ərazi itkiləri var.
Bu mənada Gerasimovun bilavasitə ora komandan təyin olunması vahid komandanlığı yaradılması anlamına gəlir. Gerasimov peşəkar hərbçidir, müdafiə nazirindən fərqli olaraq.
Bu həm də o zaman baş verdi ki, Putin 1 milyon 500 minlik ordunun təşkili ilə bağlı göstəriş verdi. Bu da Rusiyanın vahid hərbi komandanla daha böyük - milyonluq ordu ilə hərbi əməliyyatlara təkara başlayacağı anlamına gəlir".
Nilufər