SOSIAL 20 XƏBƏR

"Ciddi, tələbkar müəllimin dərsində heç bir şagird döyülmür" - Kamran Əsədov

"Etiraf edək ki, son illər ərzində müəllimlərin şagirdlərə qarşı birbaşa fiziki zorakılığını biz açıq şəkildə müşahidə edirik və bu yaxşı hal deyil".

Bunu 32gun.az-a  təhsil eksperti Kamran Əsədov deyib.  K.Əsədov günahın daha çox müəllimdə olduğunu bildib: 

"İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4432 orta məktəbində 151 min müəllim çalışır. Və bu məktəblərin 320-si paytaxt Bakının payına düşür. Eyni zamanda bildirim ki, Bakı məktəblərində 28 min müəllim çalışır.

O da birmənalı olaraq qeyd edilməlidir ki, son illərdə - xüsusən son 2 ildə təhsil sistemində baş verən hadisələr təhsilin-müəllimin ciddi şəkildə nüfuzdan düşməsi ilə nəticələnir. Biz zaman-zaman görürük ki, müəllimlər tərəfindən sinif otaqlarında şagirdlərə qarşı fiziki zorakılıq, döymə faktları baş verir. Əlbəttə birmənalı şəkildə  bu cəmiyyət tərəfindən xoş qarşılanmır. Amma baş verən hadisələri faiz olaraq götürsək, 100 faizdən 95 faizinin birmənalı olaraq günahkarı müəllimdir. Döyülmə faktından danışırıqsa, birbaşa günahkar müəllimdir. Hansı müəllim döyür? O müəllim döyür ki, onun bilik və bacarıqları yetərli deyil, yəni biz şagirdin döyülməsində yeganə günahkar kimi müəllimi görə bilərik. Bəli, cəmiyyət deyir ki, valideyn tərəfindən tərbiyə verilməyən uşaqlardır, onlar düzgün tərbiyə olunmayıblar. Bu belə deyil. Tədqiqat nəticələri bunu ortaya çıxarır. 

Müəllim dərsi düzgün idarə edə bilmədikdə şagirdlər dərs pozur. Həmçinin dərs prosesindəki boşluqlar yekunda azyaşlıların, yeniyetmələrin dərs prosesini pozması ilə nəticələnir. Yəni biz bunu bilməliyik ki, heç də həmin şagirdlər bütün dərslərdə, bütün müəllimlərin tədris prosesində bu kimi pozuntulara yol vermirlər. Məktəblərdə aparılan tədqiqatların, monitorinqlərin nəticələrindən görünür ki, bir müəllimin dərsində yaranan problem digər dərslərdə yaranmır. Eyni zamanda dərsində pozuntular yaranan müəllim digər siniflərdə də eyni problemlə qarşılaşır.

Şagirdlər artıq ilk dərsdən etibarən müəllimin bilik və bacarıqları ilə bağlı məlumat ala bilirlər. Həmçinin, müəllimin xarakteridə burada özünü göstərir.

Qeyd edək ki, bu gün orta məktəblərdə çalışan müəllimlərin 81 faizini qadınlar təşkil edir. Qadın müəllimlərin sayının çoxluğu məktəbdə məhz bu tip halları daha da genişləndirir. Müəllim əgər ciddi dərs keçərsə, tələbkar olarsa, heç bir halda onun dərsində bu kimi hallar yaşanmaz. Mən bunu birmənalı şəkildə deyirəm ki, ciddi, tələbkar müəllimin dərsində heç bir şagird döyülmür, heç bir pozuntu hallarına rast gəlinmir.

Son 1 il ərzində , yəni 2022-ci il sentyabrın 15-dən bu günə qədər yayımlanan videolara baxsaq görərik ki, uşaqlar kütləvi şəkildə gülür, dərslərdə yayınma halları, pozuntular baş verir. Görüntülərdən də görünür ki, bu müəllimlər sinfi idarəetmə bacarıqlarına malik deyil.

Əslində bu, Elm və Təhsil Nazirliyinin təhsili idarə edə bilməməsinin nəticəsidir.

Təbii ki, müəllimlər bizim başımızın tacıdır, hər bir müəllim öz fəaliyyəti ilə şəxsiyyət yetişdirir. Amma bu heç də bütün müəllimlərə aid deyil.

Həmçinin bu gün Azərbaycan təhsilində baş verən mənfi halların bir neçə səbəbi var.

Əsas səbəb  həmin müəllimlərin abituriyent olduqları zaman adlarını rayon məktəblərinə yazdıraraq, 10-11-ci siniflərdə məktəb mühitindən uzaq olmasıdır. Xoş olmayan mənzərədir. Baş verənlər təhsilin, müəllimin nüfuzdan düşməsinə gətirib çıxarır. Yenə də deyirəm, döyülmə faktına görə, biz yalnız uşaqları, valideynləri günahkar göər bilmərik. Bu bilavasitə dərs keçə bilməyən müəllimlərin  fəaliyyətini nəticəsidir.

Digər səbəb isə bu gün Azərbaycan təhsilinin birbaşa repetitorluqdan asılılığıdır".

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər