
"İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azəbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsini qınayıram. Bildiyiniz kimi, bu hadisədə bizim hüquq-mühavizə orqanlarından bir nəfər şəhid olub, 2-si yaralanıb. Allah şəhidimizə rəhmət etsin, yaralılara da Allahdan şəfa diləyirəm. Səfirliyin yerləşdiyi ərazi Azərbaycan ərazisi hesab edilir. Bu bir başa Azərbaycana qarşı törədilmiş hücumdur, cinayətdir. Bu baxımdan da bu terror hadisəsini törətmiş şəxs və şəxslər mütləq öz cəzalarını almalıdırlar".
Bunu 32gun.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat şəhidimizin qanının yerdə qalmayacağını bildirib:
"Bununla yanaşı hadisəni törədən qüvvələrin araşdırılması, tapılması məsuliyyəti İran tərəfinin üzərinə düşür. Həmçinin bu terrorun törədilməsi İranın mühavizə xidmətinin zəifliyi və boşluqlar buraxması ortadadır. Çünki şəhərin ortasında belə bir silahlı şəxsin dolaşması, terror hadisəsi törətməsi müəyyən məqamlardan xəbər verməkdədir. Ya Ermənistan tərəfi İran-Azərbaycan münasibətlərini gərginləşdirmək üçün sifariş edib, ya da İran bu terror hadisəsinin törədilməsində Azərbaycana və cənubi azərbaycanlılara hansısa mesajlar ötürməkdə maraqlıdır. Yaxud da Fransanın sifarişini yerinə yetirən hər hansı terror qruplaşmaları İranda bu hadisəni törətməklə Azərbaycanı çətin vəziyyətə salmaq istəyirlər.
İstənilən halda Azərbaycan bu terror hadisəsini törətmiş tərəflərin, şəxs və ya qrupların cəzasını gec ya tez verəcəkdir. Şəhidimizin qanı yerdə qalmayacaq. Bu terrorda əli olan bütün qüvvələrin, terror təşkilatlarının, dövlətlərin cəzası müxtəlif yollarla, vasitələrlə verilməlidir. Biz inanırılq ki, Azərbaycanın dostu olan Türkiyə həmişəki kimi ölkəmizin yanında olmağa davam edəcək. Mövlud Çavuşoğluna da dərin təçəkkürümüzü bildiririk ki, hadisənin baş verdiyi ilk anda mesaj verdi və Azərbaycana dəstəyini bir daha göstərdi. Eləcə də digər qardaş dövlətlərin dəstəyi ilə biz Azərbaycana qarşı törədilmiş xain hücumun cəzasını onlara kəsəcəyik. Gec ya tez regionda stabilliyə, sülhə nail olacağıq".
Nilufər