
Azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası artıq 88 gündür davam edir.
32gun.az-ın məlumatına görə, dinc aksiyada ilk günlərdən etibarən fəal şəkildə iştirak edən gənclərdən biri də Arif Azər oğlu Quluzadədir.
Bildirək ki, A.Quluzadə Laçın-Xankəndi yolundakı aksiyalarda könüllü qismində iştirak etməsi ilə yanaşı, həm də könüllülərin koordinasiyası işləriylə məşğul olur.
"Aksiyaya başladığımız ilk gündə olduğu kimi, həvəsliyik və tələblərimiz dəyişməz olaraq qalır. Hava şəraitinin isti və ya soyuq keçməsindən asılı olmayaraq bizim ruh düşkünlüyümüz olmur" - deyə qeyd edən Arif, digər aksiya iştirakçıları kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Qeyd edək ki, Arif Quluzadə DİN-nin polis polkovnik-leytenantı Azər Quliyevin oğludur.
Nurlan Şiraliyev