"Fazil Mustafaya qarşı törədilən sui-qəsd açıq bir terror aktıdır. Bu terror aktında qarşıya qoyulan məqsəd Fazil Mustafanı aradan götürmək idi. Çünki terror zamanı istifadə olunan silah “avtomat” silahıdır. Əksər hallarda bu silahla törədilən terror aktlarında hədəf sağ qalmır. Bu gün tanrıya şükürlər olsun ki, Fazil Mustafa sağ qaldı".
Bu sözləri 32gun.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu həmkarı Fazil Mustafaya qarşı törədilən sui-qəsd hadisəsi ilə bağlı danışarkən deyib.
"Bu faktın çoxsaylı səbəbləri var və Azərbaycan ictimaiyyətində bunun haqqında çox aydın təsəvvürlər olmalıdır. Nəyə görə məhz Fazil Mustafa?
Terrorun hədəfi Fazil Mustafa olmaqla bərabər həm də, onun təmsil etdiyi dəyərlər sistemi və dünyagörüşüdür. F.Mustafa daima milli maraqlarımız konteksində milli dəyərlərimizi təbliğ edirdi. O, Azərbaycan siyasi şüurunun, ictimai rəyinin obyektiv əsaslarda formalaşması üçün çalışırdı.
Müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan ictimai rəyi üzərində təzyiq var. Yəni milli, siyasi şüurun alt komponentlərini formalaşdıran dini şüurumuz üzərində təzyiqlər edilir.
Azərbaycana müstəmləkə gözü ilə baxan bəzi ölkələr milli şüurumuzu dini əsaslardan daha çox dini komponentlər üzərində qurmağa çalışırdılar. Üstəlik sağlam dini əsaslarda yox, manipulyasiya edilmiş dini əsaslarda formalaşdırmağa çalışırdılar. Bu iki hissədən ibarətdir. Birincisi məzhəb digəri isə müxtəlif sektorlar üzərindən təzyiq göstərilir.
Əlbəttə ki, Azərbaycanda dini məzhəbi əsaslarda, yəni dinin həqiqi fundamental dəyərlər üzərində yox məzhəbə çevrilmiş və fars şovinizminə xidmət edən modifikasiyada azərbaycanlı möminlərə qəbul etdirməyə çalışırdılar. Bu milli maraqlarımız baxımından yol verilməz bir hadisədir. Möminlik yaxşıdır, iman yaxşıdır, Allahla ünsiyyətdə olmaq yaxşıdır amma əlbəttə ki, Allahla bizim aramıza fars şovinizmi, radikal məzhəb təmsilçiləri girməməlidir. Allahla bizim ünsiyyətimizin arasında ayətullahlar olmamalıdır. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir və özü-özlüyündə islam dinini onun fəlsəfəsini dərk edəcək bir cəmiyyətdir. Amma çox təəssüf ki, bunu manipulyasiya etməyə çalışırdılar. Ona görə də, Fazil Mustafaya tuşlanan silah əslində Azərbaycanın sağlam dünyagörüşünü təmsil edən geniş auditoriyaya tuşlanan silah idi.
Azərbaycan ictimai şüuru kamildir, Azərbaycan cəmiyyəti savadlıdır. Ona görə də hələlik terrorla bağlı, onun kimlər tərəfindən törədilməsi ilə bağlı rəsmi versiya olmasa da, Azərbaycan ictimai şüuru, ictimai kompası dəqiq ünvanı göstərdi ki, bu terror haradan və nə üçün gələ bilər. Terror hadisəsindən dərhal sonra biz gördük ki, sosial şəbəkələrdə, ictimai rəydə və Azərbaycan mediasında istiqamət düzgün təyin edildi. Hələlik rəsmi təsdiq olunmasa da, biz bunu təxmin edirik. Sadəcə rəsmi versiya olmadığı üçün dilə gətirmirik. Demək ki, terroru törədənlər öz məqsədlərinə çatmayıblar. Yəni ictimai rəy manipulyasiya edilə bilmədi. Tam əksinə ünvanı doğru göstərdi ki, bu terror nə üçün, niyə məhz bu günlərdə və niyə Fazil Mustafaya qarşı törədildi. Mən düşünürəm ki, bu özlüyündə Azərbaycan ictimai rəyinin testi oldu və hələdə bizim milli maraqlar əsasında , sağlam əsaslarda və obyektiv gerçəkliyi doğru dərk edən siyasi şüura sahib olduğumuzu bir daha təsdiqlədi. Bu qürurverici bir hissdir. Amma əlbəttə ki, konkret halda ortada bir cinayət, terror aktı var. Şübhəsiz ki, biz əminik ki, Azərbaycanın hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları dəqiq olaraq bu terroru kimin və nə üçün törətdiyi sualına çox aydın cavab verəcək. Hətta mən düşünürəm ki, artıq cinayəti törədənləri və bu cavabı müvafiq qurumlarımız bilir. Sadəcə daha dərinlərə enmək və bu terrorun arxasında kimlərin durduğunu daha geniş əhatəli təsbit etmək və zərərsizləşdirmək üçün görünür o informasiyalar hələ də ictimailədirilmir. Bu tamamilə doğrudur, yerindədir. Amma ümid edirəm ki, qısa zamanda cəmiyyət bu sualların cavabını biləcək".
Millət vəkili sosial şəbəkədə Ramin Vəliyev adlı istifadəçinin Fazil Mustafayla bağlı yazdığı sui-qəsd mesajına da toxunub.

"Birincisi bu real profildə ola bilər, onunla yanaşı bəzi qonşu ölkələrin Azərbaycanda yerlədirdikləri “trol” şəbəkəsinin də üzvü ola bilər. Məsələ ondadır ki, həmin şəxslər şüurları gizli şəkildə idarə etməyə çalışırlar. Xüsusilə də dini əsaslarda. Çünki bu yolla şüur tez və asan şəkildə radikallaşdırıla bilir. Azərbaycana müstəmləkə gözü ilə baxan ölkələr də bunu yaxşı bilirlər. Çünki 1828-ci ildən bu günə qədər Azərbaycanın milli psixologiyası ilə oynamağı bacarırlar. Radikal məzhəb adı altında Azərbaycana fars şovinizmi təqdim olunur və ortastatistik azərbaycanlı hesab edir ki, mömindir dinə inanır. Ancaq bu inandığı şey pan-farsizmdir. Yəni dinlə heç bir əlaqəsi yoxdur. Çox sevindiric haldır ki, bunların sayı azdır, kütləvi deyil. Və onlar öz ayətullahlarından nə əmr alırlarsa, bunu dinin vacibatı kimi qəbul edərək Azərbaycan ictimai maraqlarına qarşı hücum edirlər və hesab edirlər ki, bu möminlikdir. Bu çox pis bir şeydir. Sosial şəbəkələrdə təzahür edən sindromlar bununla əlaqədardır. Fazil Mustafaya qarşı törədilən sui-qəsddən sonra çox təəssüf ki, biz aqressiv, buna bəraət qazandıran sosial əbəkə iştirakçıları gördük. Mən əminəm ki, onların hər biri Azərbaycanın müvafiq qurumları tərəfindən nəzarətə götürüləcək və onların kimliyi aydınlaşdırılacaq.
İkinci isə “trol”luq ola bilər. Ayrı-ayrı ölkələrin trol şəbəkəsi ola bilər. Çünki biz bəzən yaşadığımız coğrafiyanın üstünlüklərindən danışırıq ki, Azərbaycan starateji-coğrafi baxımdan əhəmiyyətli bir yerdə yerləşir, qovşaqdır və sairə. Belə olan halda məsələ biraz daha çətinləşir. Milli maraqları qorumaq çətin olur. Ona görə ki, bu strateji əhəmiyyət digərləri üçün də əhəmiyyətlidir. Belə olanda hər bir ölkənin təhlükəsizlik və milli maraqları konteksində təhlükəsizlik qurumlarının fəaliyyəti intensivləşir. Yəni bəzən Azərbaycan vətəndaşları da bu şəbəkəyə cəlb edilir. Bəzən kəşfiyyat və əks-kəşfiyyat proseslərində casusluq halları ortaya çıxır. Bu da bu və digər formada sosial şəbəkələrdə təzahür edir. Və bəzən bizim maraqlarımız üzərində təzyiq yaradacaq qədər sərt olur. Eynilə Fazil Mustafa hadisəsində olduğu kimi. Ona görə də Azərbaycan cəmiyyəti savadlı olduğu qədər də ayıq və mübariz olmalıdır. Ümumi şüur, kütləvi şüur məsələsi kütləvi hadisə olduğuna görə hər bir fərd burada mübarizə aparmalıdır".
Nurlan Şiraliyev