SİYASƏT ÖZ XƏBƏR

"Biz ABŞ-ın bu mövqeyini dəstəkləyirik" - Deputat

Ötən  günlərdə ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinin "ABŞ ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır" deməsi Ermənistanda gündəm yaradıb.

Separatçılar arasında rezonans yaradan bu açıqlama ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev 32gun.az-a danışıb.

O bildirib ki, ABŞ birdən-birə Azərbaycanın bu mövqeyini dəstəkləmək qərarına gəlməyib.  Artıq bu ölkə də  Azərbaycanın regionda hansı rola sahib olduğunun fərqindədir:

 "ABŞ-ın bu qərara gəlməsi üçün bizim 3 mindən çox oğullarımız canlarından keçiblər. Minlərlə qeyrətli övladlarımız cəbhədə qan töküblər, ağır yaralanıblar. Eyni zamanda Azərbaycan dövləti, ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyev qəti və sərt mövqe ortaya qoyaraq bu mövqeyi bütün danışıqlar zamanı da bildirib və Azərbaycanın torpaq bütövlüyünün "alver" predmeti olmadığını bəyan edib.

ABŞ praqmatik bir dövlətdir və regiondakı reallığı, Azərbaycanın bu regionda oynadığı rolu görür. Eyni zamanda Ukraynada nə baş verdiyini və əslində bu regionda yaşananlarla Ukraynada olanların eyni zəncirin həlqələri olduğunu daha dərindən dərk edir. O eyni zamanda gələn il keçiriləcək seçki öncəsi uğurlu xarici siyasət örnəyi ortaya qoymaq üçün ABŞ belə bir mövqe sərgiləyir. 

Təbii ki, bu mövqe beynəlxalq hüquqa tam uyğun olduğu qədər Azərbaycanın maraqlarına da cavab verir. Biz bu mövqeyi dəstəkləyirik. Açıq deməliyik ki, bu mövqe ABŞ-ın regiondakı maraqlarına da uyğundur, çünki onun təsir və rolunu artırır". 

Aysel Şirinova

Oxşar Xəbərlər