Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Kriviy Riq şəhərinə raket hücumu nəticəsində bir polis əməkdaşı ölüb, 40 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko hücumla bağlı məlumat verib.
Raketin şəhər mərkəzinə düşdüyünü qeyd edən Klimenko, "Polis inzibati binalarından biri dağıdılıb. Rusların hücumu nəticəsində bir polis əməkdaşı həyatını itirib. 3 polis əməkdaşı Dövlət Fövqəladə Hallar Xidmətinin xilasetmə qrupu tərəfindən dağıntılar altından çıxarılıb, onların vəziyyəti ağırdır. 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb”,- deyib.
Klimenko raket hücumunda polis binasının ətrafındakı evlərin də zərər gördüyünü və hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bundan başqa, Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak sosial media hesabında hücumda yaralananların sayının 40-a yüksəldiyi barədə məlumat paylaşıb.
Lısak qeyd edib ki, hücum zamanı 3 inzibati bina və 7 evə ziyan dəyib.
Aysel Şirinova