"Qranada görüşü Ermənistan- Azərbaycan münasibətlərində yeni mərhələyə daxil olmaq üçün önəmli idi. Ancaq təəssüf ki, bu görüşü Fransa və Ermənistan pozdu. Belə, bir görüşün keçirilməsinə mane oldular".
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov 32gun.az-a danışarkən deyib. O, bildirib ki, Fransa həm də Almaniyanın Ermənistana açıq dəstək verdiyi aydındır. Burada hansısa balanslı mövqedən, ədalətdən söhbət getmir:
"Prezident İlham Əliyev haqlı olaraq bu görüşdən imtina etdi. Azərbaycan tərəfinin Türkiyənin də görüşdə iştirakı tələbi qəbul olunmadı. Azərbaycanın iştirakı olmadan görüşün keçirilməsi qərb dövlətlərinin narahatlığından irəli gəlir. Onlar bilirlər ki, Azərbaycan sona qədər öz haqlı mövqeyini qoruyacaq, geri çəkilməyəcək. Hazırda Azərbaycan siyasətində bu önəmli məsələ kimi ortaya qoyulub. Qərb Ermənistana dəstəyə son qoymalı və haqqın yanında olmalıdır. Belə məsələlərdə qərəzli və qeyri-obyektiv mövqedən uzaqlaşmalıdır.
Bütün hallarda Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü etiraf etməsi bununla bağlı çıxışları da göstərir ki, Azərbaycan öz haqlı mövqeyini davam etdirir və Qərbin bütün təzyiqlərinə baxmayaraq da davam edəcək.
Ölkəmiz qələbəyə doğru bütün addımlarını ardıcıl və məqsədyönlü formada atacaq".
Aysel Şirinova