Həmkarımla bir hüquqi məsələ ilə bağlı yardıma ehtiyacım var idi. Çox düşündükdən sonra tanınmış vəkil Aslan İsmayılovla görüşmək qərarına gəldik.
Zəng vurdum, onunla görüşmək istədiyimi bildirdim. Qapısı daim media nümayəndələrinin üzünə açıq olan Aslan müəllim vacib işi olsa da, məni qırmadı.
Aslan müəllimlə ofisində görüşdüm. Elə təzəcə söhbətə başlamışdıq ki, otağa bir nəfər daxil oldu. Aslan İsmayılov gözündə qara eynək, döşündə qızıl ulduz olan təxminən 70 yaşlı bu nurani adamı görən kimi dərhal ayağa qalxaraq “Gözəl insan xoş gəlmisən” deyə onunla xüsusi ehtiramla görüşdü. Daha sonra bizə xitabən “Bilirsiniz bu gözəl insan kimdir?” dedi və cavabımı gözləmədən əlavə etdi “Azərbayanın ilk milli qəhrəmanlarından olan Şahin Tağıyevdir”. Nə gizlədim. Tanımırdıq.
Özülüyümdə “Belə insanları tanımırıq, tanıtmırıq” deyə düşünərkən Şahin Tağıyev gözündəki qara eynəyi çıxarıb 44 günlük Qarabağ savaşından danışmağa başladı. Üzündə ğöz yaşları ilə dolu sevinc var idi. Qarabağın işğaldan azad edilməsinə sevinən çox adam görmüşəm. Amma Şahin Tağıyevin sevinci bir başqa idi. Ən maraqlı detal isə həmişə hakimiyyəti tənqid etdiyini deyən Şahin Tağıyevin bu qələbədə Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunun olduğunu xüsusi vurğulaması idi. Hətta istefada olan general rütbəli bir qohumunu Qarabağ savaşına görə ölkə başçısını yersiz tənqid etdiyinə görə asıb-kəsirdi:
“Deyir ki, İlham Əliyev Xankəndində bayrağı niyə tək qaldırıb? Bu adam başa düşmür ki, İlham Əliyev Ali Baş Komandandır. Bu qələbə məhz onun komandanlığı altında qazanılıb. O da bir komandan kimi son nöqtəni qoymalı idi və qoydu. Yox, çığırmalıdır ki, əsgər gəl yanımda dur mən Bayraq qaldıracam. Bunun heç nədən xəbəri yoxdur. Mən də komandir olmuşam və döyüşün nə olduğunu bilirəm.

Qələbəyə köklənmiş komandir olmasa heç bir uğur da ola bilməz. Elə bilərsiniz ki, mən hakimiyyətə yarınmaq üçün belə danışıram. Ən azı Aslan müəllim təsdiq edə bilər ki, dəfələrlə hakimiyyəti tənqid etmişəm. Amma Qarabağın işğaldan azad edilməsi mənim üçün fövqəladə hadisədir. Mən Birinci Qarabağ savaşında iştirak etmişəm. Müharibənin nə olduğunu bilirəm. Balalarını itirmiş anaların, qardaşlarını itirmiş bacıların fəryadını gözlərimlə görmüşəm.
Nəhayət, Azərbaycanın qələbəsi ilə bu qanlı müharibəyə və göz yaşlarına son qoyuldu. Qarabağın azad edilməsi məsuliyyəti gələcək nəsillərin üzərinə qoyulmadı”.
Bu yerdə Aslan İsmayılov söhbətə müdaxilə edərək maraqli bir faktı diqqətimizə çatdırdı. Məlum oldu ki, Şahin Tağıyev Azərbaycanda yaşayanda həm hakimiyyətin, həm də müxalifətin ən sərt tənqidçilərindən olub, heç bir cinaha qoşulmayıb və buna görə də ona xüsusi hörməti var. . Elə buna görə də onu heç kim sevmirdi. İllərlə evi olmadığına görə Dənizkənarı Parkda bir kafedə gecələyib. Elə bunun ucbatından da ölkədən getdi və hazırda İsveçdə yaşayır. Bu addımı məcburiyyət üzündən atıb. Küsüb gedib Şahin müəllim.

“Mən heç kimdən şikayətçi deyiləm. Çox problemlərin oldu, burada yaşaya bilmədim. Məcbur olub ölkəni tərk etdim” deyən Şahin Tağıyev dərin köks ötürərək “Amma yaşım artıqca Azərbaycanda yaşamaq istəyirəm” deyərək söhbətinə davam etdi:

“Heç kim maraqlanmadı. Mən hakimiyyəti nəzərdə tutmuram. Hətta yaxın adamların belə maraqlanmırdı mənimlə. Yalnız Aslan İsmayılov məni axtarıb. Ona görə də Azərbaycana gələndə həmişə Aslan müəllimə baş çəkirəm”. Şahin müəllimlə söhbətimizdən məlum oldu ki, Azərbaycanda evi yoxdur, heç olmayıb da. Bu yerdə Aslan İsmayılov dedi ki, Şahin Tağıyevin yenidən Azərbaycanda yaşamasına şərait yaradılması üçün müəyyən səylər göstərir:
“Səlahiyyətli şəxslərlə danışmışam. Azərbaycanın Milli Qəhrəmanının xaricdə yaşaması mənə ağır gəlir. Şahin Tağıyev İsveçə kefindən getməyib. Burada yaşaya bilməyib. İmkansızlıqdan, şəraitsizlikdən və s. bu kimi sosial problemlər üzündən. Ümid edirəm ki, çabalarım bir nəticə verəcək və Azərbaycanın bu dəyərli oğlu yenidən Vətənə qayıdacaq. Onun Azərbaycanda yaşamaq haqqı var, o bu haqqı qanı ilə canı ilə qazanıb. 44 yaşında müharibəyə gedib. Ağır döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. İndi necə ola bilər ki, belə bir adam öz ölkəsində yaşaya bilməsin”.

Aslan İsmayılov danışdıqca Şahin Tağıyev əsəbi halda “Mən heç kimdən heç nə istəmirəm, heç kimdən də minnət götürməmişəm və bu yaşımda götürmək də istəmirəm, canları sağ olsun. Əsas odur ki, Qarabağ işğaldan azad olunub” deyərək bizdən ev məsələsi barədə yazmamağı xahiş edirdi. Bir neçə dəfə bu fikirlərini təkrar etdi. Yadıma ölkə qarşısında heç bir xidməti olmayan, amma dövlətdən böyük imtiyazlar tələb edənlər düşdü. Şahin Tağıyev 1992-ci ildə müharibəyə yollanıb. Ağdərə uğrunda döyüşlərdə iştirak edib və ağır yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülüb. Amma heç vaxt bu addan istifadə etməyib.
Milli Qəhrəman olduğuna görə xüsusi imtiyaz sahibi olmağa can atmayıb. Uğrunda döyüşdüyü Vətənini belə tərk etmək məcburiyyəti yaranan zaman belə, Milli Qəhrəman olduğunu dilə gətirməyib. Şahin Tağıyevin indi 75 yaşı var. Azərbaycana gəlib. Qələbə sevincini yaşamaq üçün. Belə bir insanın Azərbaycanda yaşamaq haqqı var. Heç bunları nəzərə almasaq da Azərbaycanın Milli Qəhrəmanının qürbətdə rəhmətə getməsini necə qəbul edək.