Millət vəkili Vüqar İskəndərov 32gun.az-ın suallarını cavablandırır:
-Vüqar müəllim, növbəti dəfə millət vəkili seçilmisiniz. Seçkiyə qatılanda qələbə qazanacağınıza əminlik var idimi? Seçicilərinizin növbəti dəfə sizə etimad göstərəcəyi gözləyirdinizmi?
-Əvvəlcə onu qeyd edim ki, mən 114 saylı Şəki seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi idim. Partiyamızın sədri cənab İlham Əliyevin və YAP idarə heyətinin qərarı ilə namizədliyim irəli sürülmüşdü. Bu da əlbəttə ki, əlavə üstünlükdür. Bu halda arxanda böyük bir siyasi güc dayanmış olur və bu, prosesə daha özgüvənli bir şəkildə qatılmağı şərtləndirir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bütövlükdə partiyaya təşəkkür edirəm ki, mənə növbəti dəfə etimad göstərdilər.
İkincisi, VI çağırış Milli Məclisin deputatı olarkən iddialı çıxsa da, deməliyəm ki, kifayət qədər işlər görmüşük. Mən deputat kimi daim seçildiyim şəhərdə, insanların yanında olmuşam, orada keçirilən tədbirlərə qatılmışam. Ayda bir dəfə, bəzən bir ayda iki dəfə qəbullar keçirmişəm, insanların problemlərini dinləmişəm, gücüm çatan problemlərin həllinə yardım etmişəm. Ona görə də seçicilərimin bunu qiymətləndirəcəyini bilirdim. Bununla belə, təbliğab təşviqat kampaniyasına ciddi yanaşdım, seçicilərimlə yüksək səviyyəli görüşlər keçirdim, ev-ev gəzərək onları narahat edən məsələlərlə maraqlandım. Seçicilərim də gözlədiyim kimi bütün bunları qiymətləndirərək növbəti dəfə mənə etimad göstərdilər. Onlara dərin təşəkkür edirəm və bir millət vəkili kimi növbəti 5 ildə də üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq.
- Növbəti 5 illə bağlı planlarınız nədir, diqqəti əsasən hansı problemlərə yönəltmək niyyətindəsiniz?
- Bundan əvvəlki çağırışda olduğu kimi təbii ki, yenə də seçicilərimi narahat edən məsələlərin həlli ilə məşğul olacam. İndi daha təcrübəliyəm və hesab edirəm ki, bu dəfə fəaliyyətim daha effektiv olacaq.
Mən yenə də seçicilərimin yanında olacam. Eyni zamanda ölkənin ictimai-siyasi həyatında da bir millət vəkili kimi fəal iştirak edəcəm. Ötən çağırışda onlarla ictimai-siyasi mahiyyət daşıyan tədbirlərə getmişəm, çıxışlar etmişəm, təkliflərimi səsləndirmişəm və s. Bəzən hətta mənə deyirdilər ki, nə çox tədbirə gedirsiniz. Bu mənim xarakterimdir. Mən öz vəzifəmi, missiyamı bilirəm və bir parlamentari kimi Milli Məclisi layiqincə təmsil etməyə çalışıram və çalışmaqda davam edəcəm.

- Vüqar müəllim, 44 günlük Qarabağ savaşından artıq 4 il ötüb. Amma hələ də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb və müşahidələr göstərir ki, yaxın vaxtlarda da imzalanması gözlənilmir. Sizcə, bu məsələnin dalan dirənməsinin başlıca səbəbi nədir?
-Ermənistan xülyalarla yaşayan bir dövlətdir. Ermənistan heç bir zaman sülh tərəfdarı olmayıb. Baxmayaraq ki, indi özlərini az qala sülh göyərçini kimi göstərirlər.
Sülh müqaviləsinin imzalanması ilə bağlı məsələnin yubanması da ermənilərin xislətindən, eyni zamanda müstəqil qərar verə bilməmələrindən irəli gəlir.
Azərbaycanı sevməyən, inkişafına əngəl olmağa çalışan böyük güclər də bir araya gələrək Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə əngəl törədirlər. Bu əlbəttə ki, onların erməni sevgisindən deyil, korporativ maraqlarından irəli gəlir. Alət olmağa vərdiş etmiş ermənilər də böyük güclərin maraqları çərçivəsində öz oyunlarını oynamağa çalşırlar. 44 günlük Qarabağ savaşındakı məlubiyyətlərini həzm edə bilmirlər. Mövcud status-kvonu qəbul etmək istəmirlər.
- Sizcə, bu nə qədər davam edəcək və Azərbaycan bu halda hansı addımları atmalıdır?
-Əlbəttə ki, bu sonsuzluğa qədər davam edə bilməz. Nəhayət, ermənilər reallığı qəbul etmək məcburiyyətində qalacaqlar. Bunun üçün bizim üzərimizə də mühüm vəzifələr düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışda hərbi gücün artırılmasını xüsusi ilə qeyd etdi. Eyni zamanda iqtisadiyyatımızın güclü olması, milli birliyin, daxili sabitliyin qorunması vacib şərtdir. Yəni, Azərbaycan nə qədər güclü olarsa, Ermənistan və onun havadarları bir o qədər tez yola gələr.
Mən inanıram ki, torpaqlarını işğaldan azad edən Azərbaycan tezliklə bölgədə dayanıqlı sülhün də bərqərar olunmasını təmin edəcək.
- Azərbaycan sülhdən danışdığı bir vaxtda Ermənistan silahlanmaya ciddi diqqət yetirməyə başlayıb. Bu məsələdə bəzi Qərb dövlətləri də rəsmi İrəvana dəstək verir. Sizcə, Ermənistan yenidən müharibəyə başalaya bilərmi?
-Əslində burada əsas məqsəd 44 günlük Qarabağ savaşı zamanı darmadağın olmuş silah arsenalını yeniləmək, eyni zamanda artırmaqdır. Qərbin bu məsələdə dəstəyi bir növ balans yaratmağa xidmət edir. Yəni, Azərbaycan və Ermənistanın hərbi gücləri arasında balans yaratmaq və qorunmasını təmin etmək. Görünür, düşünürlər ki, bu yolla Azərbaycanı sülh danışıqlarında, ümumiyyətlə, Ermənistana münasibətdə özünü korrekt aparmağa məcbur edə bilərlər. Lakin biz hər zaman demişik ki, Azərbaycan öz haqlı mövqeyindən bir addım da kənara çəkilməyəcək. Biz işğala məruz qalmış və daha sonra torpaqlarımızı azad etmişik. Təcavüzkar Azərbaycan yox, Ermənistandır. Ermənilər növbəti dəfə də torpaqlarımızı işğal etməyə cəhd göstərərsə, Azərbaycan Ordusu onların layiqli cavabını verəcək. Cənab Prezidentin təbirincə desək, “Dəmir yumruq” yerindədir.
Aygün İlqarqızı
