
Milli Məclisdə keçirilən növbədənkənar iclasda “Media haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
32gun.az xəbər verir ki, qanun layihəsi Azərbaycan mediasında saxta məlumatların dərcinə yol verilməsinin qarşısını almağa, eləcə də peşəkar medianın hüquqi çərçivəsinin dəqiqləşdirilməsinə yönəlib.
Yeni dəyişikliklərlə qanuna ilk dəfə olaraq “media subyekti” anlayışı əlavə olunub. Bu anlayış ənənəvi media qurumlarını və peşəkar informasiya istehsalçılarını əhatə edəcək. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri də media subyekti kimi tanınacaq.
Təklif edilən dəyişikliklərdə saxta xəbərlərlə mübarizəyə xüsusi yer ayrılıb. Qanunun 14-cü maddəsinə əlavə ediləcək yeni normaya əsasən, media subyektləri dezinformasiyanın və yalan məlumatların dərcinə yol verməməlidirlər. Bu yanaşma, həm informasiya mühitinin çirklənməsinin qarşısını almaq, həm də jurnalistikanın nüfuzunu qorumaq məqsədi daşıyır.
Qanun layihəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) səlahiyyətləri də genişləndirilir. Yeni hüquqi baza agentliyə informasiya mühitində qeyri-peşəkar fəaliyyətin qarşısını almaq üçün daha çevik və effektiv addımlar atmağa imkan verəcək.
Layihədə informasiya agentliklərinin fəaliyyətinə dair yeni meyarlar da müəyyən edilib. Agentliklərin etibarlı və dayanıqlı informasiya mənbəyi kimi fəaliyyət göstərməsi üçün onların azı 20 media subyekti ilə əməkdaşlıq müqaviləsinə malik olması, ən azı 5 xarici ölkədə akkreditə olunmuş jurnalistlərinin olması və yayımladığı informasiyanın böyük əksəriyyətinin – hər ayın ən azı 20 günü ərzində – öz istehsalı olması tələb ediləcək.
Bundan əlavə, media subyektlərinin ad seçimlərinə də məhdudiyyətlər qoyulur. Belə ki, onların adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, ictimai mənəviyyata və etik normalara zidd ifadələrdən ibarət olmamalıdır. Bu dəyişiklik medianın reputasiyasının qorunmasına və ictimai etimadın möhkəmlənməsinə yönəlib.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Ayaz