
Milli Məclisin iyulun 4-də keçirilən növbədənkənar sessiyasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.
32gun.az xəbər verir ki, Dəyişikliklər çap mediası sahəsində nəzarətin gücləndirilməsi və şəffaflığın artırılmasını hədəfləyir.
Yeni layihəyə əsasən, Media Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərən çap mediası subyektlərinin məhsullarını nəşr və ya yayması inzibati məsuliyyətə səbəb olacaq. Belə hallarda fiziki, vəzifəli və hüquqi şəxslərə müxtəlif məbləğlərdə cərimələr tətbiq ediləcək.
Layihəyə görə, reyestrdə olmayan çap mediasının məhsullarını nəşr edən və yayan fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimə oluna bilər.
Təklifdə həmçinin qeyd olunur ki, “yayıcı” dedikdə, nəşriyyat və ya naşirlə müqavilə əsasında, yaxud digər qanuni əsaslarla nəşr olunan məhsulların yayımı və satışı ilə məşğul olan şəxslər başa düşülür.
Qanun layihəsinin əsas məqsədi medianın reyestr üzərində qeydiyyatını stimullaşdırmaq, qanunsuz fəaliyyəti məhdudlaşdırmaq və bu sahədə tənzimləmələri gücləndirməkdir. Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Ayaz