.jpg)
Hindistanlı alimlər prostat xərçəngi riskini artıran genləri müəyyən ediblər
Hindistanlı alimlər müəyyən ediblər ki, BRCA2 və HOXB13 genlərində baş verən mutasiyalar kişilərdə prostat xərçəngi riskini bir neçə dəfə artırır.
32gun.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri Oncoscience jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 66-sı prostat xərçəngi olan, 70-i isə sağlam könüllü olmaqla, ümumilikdə 136 kişi iştirak edib. Alimlər beş genin xəstəlik riskinə təsirini analiz ediblər və məlum olub ki, BRCA2 və HOXB13 genlərindəki mutasiyalar ən güclü təsirə malikdir.
BRCA2 genindəki mutasiya xəstəlik riskini 10 dəfədən çox artırır. HOXB13 mutasiyası daha nadir rast gəlinməsinə baxmayaraq, daha təhlükəli hesab olunur. Digər üç gen (BRCA1, RNASEL və ELAC2) isə xəstəliklə əhəmiyyətli əlaqə göstərməyib.
Mütəxəssislər bildiriblər ki, bu nəticələr ailəsində onkoloji halları olan şəxslərdə riskin daha dəqiq müəyyən edilməsinə şərait yaradır. Qeyd edək ki, daha əvvəl BRCA2 genindəki qüsurun süd vəzi xərçənginə səbəb olduğu müəyyən edilmişdi.
Hazırda prostat xərçəngi əsasən PSA testi və biopsiya ilə aşkarlanır. Lakin bu üsullar bəzən yalnış müsbət nəticələr verir və xoşagəlməz prosedurlar tələb edir.
Tədqiqat alternativ və sərfəli diaqnostik metodun — PCR-RFLP texnikasının effektivliyini də təsdiqləyib. Bu üsul gen mutasiyalarını fermentlər vasitəsilə "kəsmə" və polimeraz zəncirvari reaksiya ilə analiz etməyə imkan verir. PCR-RFLP demək olar ki, bahalı yeni nəsil sekvensləşdirmə (NGS) qədər dəqiq nəticələr göstərib.
Nilay