.jpeg)
Azərbaycanda kazino fəaliyyətinə nəzarət daha da gücləndirilir.
32gun.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi III oxunuşda qəbul edilib.
Yeni dəyişikliklərə əsasən, kazino oyunlarını təşkil edənlər və bu fəaliyyətin operatorları artıq qeyri-maliyyə sektoru subyektləri və peşə sahibləri kimi tanınacaq. Bu o deməkdir ki, onlar da müəyyən hallarda banklar və digər maliyyə qurumları kimi müştərilərinə dair geniş araşdırma və monitorinq prosedurlarını həyata keçirməyə borclu olacaqlar.
Xüsusilə, müştərinin kazino vasitəsilə 3 min manat və daha yüksək məbləğdə maliyyə əməliyyatı aparması halında operatorlar qanunun 4-8-ci maddələrində nəzərdə tutulan tədbirləri icra etməlidirlər. Bu tədbirlərə müştərinin şəxsiyyətinin müəyyən edilməsi, maliyyə əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi daxildir.
Eyni zamanda, kazinolar hər bir müştərinin fəaliyyəti barədə toplanmış məlumat və sənədlərlə onun maliyyə əməliyyatları arasında əlaqənin qurulmasına imkan verən mexanizmləri tətbiq etməlidirlər.
Maraqlıdır ki, yalnız çiplər və ya tokenlərlə həyata keçirilən oyunlar bu tənzimləməyə daxil edilməyəcək, yəni bu cür daxili əməliyyatlar maliyyə əməliyyatı hesab olunmayacaq.
Qanunvericiliyə edilən bu dəyişiklik kazinoların daha şəffaf fəaliyyət göstərməsini, eyni zamanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə onların da məsuliyyət daşımasını təmin etmək məqsədi daşıyır.
Ayaz