
Bu yazıya, xalqın xilaskarı, bizim (80-90-cı illərin uşaqlarının) Heydər babamızın görüntüləri ilə başlamaq istədim.
Görüntünün fonunda Ulu Öndərin Səməd Vurğunun “El bilir ki, sən mənimsən” şeirini söylədiyi səs yer alıb.
Videoda Ümummilli Liderin müxtəlif dövrlərə aid kadrları yığılıb.
Həmin kadrların davamında isə cənab Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi və “Azərbaycan onun – Heydər Əliyevin əsəridir” fikrini səsləndirdiyi görüntülər yer alıb. Bu da paylaşıma tamam başqa bir məna və hiss qatıb. Çünki bu sözlər təkcə şəxsi qürur ifadəsi deyil, eyni zamanda bir ideyanın, bir mirasın necə uğurla davam etdirildiyinin göstəricisidir.
Bu videonun sosial şəbəkələrdə bu qədər böyük maraqla qarşılanması, saysız-hesabsız bəyənmə və şərhlər alması bir daha sübut edir ki, xalq hər zaman öz xilaskarını sevib, ona inanıbdır. Xalqın yaddaşında Heydər Əliyev təkcə siyasi lider kimi yox, həm də sabitliyin, güvənin, dövlətçiliyin təməlini qoymuş şəxsiyyət kimi həkk olub.
Bu gün isə xalq eyni sevgini və etimadı onun siyasi kursunun layiqli davamçısına Ali Baş Komandan İlham Əliyevə göstərir. Bu, sadəcə siyasi bağlılıq deyil. Bu, 30 ildən sonra azad olunmuş torpaqlara hər bir səfərində açıq şəkildə görünən sevginin, rəğbətin və inamın təzahürüdür. Bu münasibət ani, təsadüfi, emosional yox, çox möhkəm təməllər üzərində formalaşıb – zəfərin, sözlə yox, əməli siyasətlə qazanılmış gücün nəticəsidir.
Bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ermənistanın baş naziri Paşinyanla görüşdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial mövqe isə bir daha onu göstərdi ki, Azərbaycan öz iradəsini, öz gücünü beynəlxalq platformalarda da sərbəst və açıq şəkildə ortaya qoyur. Azərbaycanın maraqları heç bir məqamda güzəştə gedilmir, əksinə, qətiyyətlə qorunur və müdafiə olunur.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı öz Prezidentinə inanır, ona güvənir və onunla qürur duyur. Çünki bu liderliyin arxasında təkcə siyasi iradə yox, həm də milli irsə sədaqət, dövlətçilik əzmi və xalqa bağlılıq dayanır.
Bununla da biz xalq olaraq hər gün cənab prezidentlə daha çox qürur duyur, ona güvənir və hər anımızda ona arxalanırıq.
Aygün İlqarqızı/ 32gun.az- ın baş redaktoru
-->