.jpg)
Pis və natamam yuxu insanın çəkisinə nəzarətini çətinləşdirir.
32gun.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlama verən “AO Meditsina” (akademik Roytberq klinikası) həkim-somnoloqu Maksim Novikov bildirib ki, keyfiyyətsiz yuxu bir neçə istiqamətdə orqanizmə mənfi təsir göstərərək çəki artımına yol açır.
Həkimin sözlərinə görə, yuxu aclıq və toxluq hissini tənzimləyən hormonların ifrazına birbaşa təsir edir. Yuxusuzluq zamanı bədəndə aclıq hissini artıran qrelin hormonu yüksəlir, toxluq hissinə cavabdeh olan leptin isə azalır. Bu səbəbdən insan bol yemək yediyi halda belə, özünü hələ də ac hiss edə bilər və yeməyə davam edər.
Bundan başqa, kifayət qədər yatmayan insanlarda şirin, yağlı və sadə karbohidratlara qarşı güclü istək yaranır. Bu da təsadüfi deyil — yorğun düşmüş orqanizm “sürətli enerji” istəyir və bu enerji mənbəyini daha çox zərərli qidalarda görür. Nəticədə gündəlik qəbul edilən qida miqdarı artır, həm də bu qidalar əsasən orqanizmə zərər verən məhsullar olur ki, bu da çəkinin artmasına səbəb olur.
Həkim əlavə edib ki, yuxusuzluq eyni zamanda enerjinin azalmasına, maddələr mübadiləsinin ləngiməsinə və orqanizmin stressə qarşı daha həssas olmasına gətirib çıxarır. Bu amillərin hər biri birbaşa və dolayısı ilə çəkiyə təsir edir.
Nilay