
İspaniyada axondroplaziya və digər sümük displaziyalarından əziyyət çəkən insanları təmsil edən assosiasiya, “Barselona”nın futbolçusu Lamin Yamalı 18 yaşı münasibətilə təşkil etdiyi şənlikdə cırtdan insanları əyləncə vasitəsi kimi işlətdiyi üçün kəskin tənqid edib.
Qurumun sosial şəbəkələrdə yayımladığı açıqlamada bildirilir:
“Təşkilatımız Lamin Yamalın şənliyində cırtdan insanlardan əyləncə məqsədilə istifadə olunmasını qınayır. Bu məsələ ilə bağlı həm hüquqi, həm də ictimai müstəvidə addımlar atacağıq.”
Qeyd edək ki, 13 iyul tarixində Yamal 18 yaşını qeyd edib. Ad günündə internet ulduzları, məşhurlar, musiqiçilər və futbolçular iştirak edib.
Xatırladaq ki, 9 iyunda Transfermarkt portalı Yamalı dünyanın ən bahalı futbolçusu elan etmişdi.
“Barselona”nın yetirməsi olan futbolçu 2024/25 mövsümündə La Liqada 35 oyun keçirərək 9 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb. Komandası ilə birlikdə həm İspaniya çempionluğunu, həm də kubokunu qazanıb. 2024-cü ildə isə İspaniya yığmasının heyətində Avropa çempionu olub.