DİGƏR ÖZ XƏBƏR

Alimlər hüceyrələrin dərmanlara reaksiyasını tənzimləyən əsas mexanizmi aşkarlayıblar

Barselonadakı Del Mar Xəstəxanasının Tədqiqat İnstitutunun alimləri müəyyən ediblər ki, amin turşuları – zülalların əsas quruluş elementi – hüceyrələrin dərmanlara verdiyi reaksiyanın formalaşmasında mühüm rol oynayır. Onlar bir-biri ilə qarşılıqlı təsirdə olan "tikinti blokları" kimi davranaraq, hüceyrənin siqnallara cavabını tənzimləyir.

32gun.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature Communications (NatCom) elmi jurnalında dərc edilib.

Alimlər araşdırmalar zamanı hüceyrə membranının kanabinoid tipli CB2 reseptoruna diqqət yetiriblər. Bu reseptor immun sisteminin əsas komponentlərindən biri sayılır və G-zülalları ilə əlaqəli reseptorlar (GPCR) ailəsinə daxildir. Qeyd edək ki, bu tip reseptorlar hazırda mövcud olan dərmanların təxminən üçdə birinin hədəfidir – o cümlədən ürək-damar xəstəlikləri, xərçəng, astma və psixi pozuntular üçün istifadə edilən preparatlarda.

Kompyuter modelləşdirilməsi, laborator təcrübələr və maşın öyrənməsi metodlarından istifadə edən tədqiqatçılar hər bir amin turşusunun reseptorun davranışına təsirini araşdırıblar.

Məlum olub ki, amin turşuları tək-tək deyil, daima bir-biri ilə qarşılıqlı əlaqədə olan dinamik bir şəbəkə yaradır. Bu şəbəkə isə hüceyrənin dərmana, stresə və ya ətraf mühitin dəyişikliklərinə necə reaksiya verəcəyini müəyyən edir. CB2 reseptoru nümunəsində bu, hüceyrə cavabının daha əlverişli istiqamətə yönəldilməsinə, yəni arzuolunmaz təsirlərin qarşısının alınmasına imkan verir.

Layihənin rəhbəri, doktor Yana Selentin sözlərinə görə:
“Ən həyəcanverici məqam odur ki, biz bu kiçik elementlərin mürəkkəb bir şəbəkədə necə işlədiyini və hüceyrə reaksiyalarını necə idarə etdiyini anladıq. Artıq bu şəbəkədəki əsas nöqtələrə təsir etməklə, konkret və dəqiq reaksiyanı stimullaşdıran dərmanlar hazırlaya bilərik”.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə müxtəlif xəstəliklərin müalicəsində daha dəqiq və effektiv terapiya üsullarının hazırlanmasına imkan verəcək.

Ayaz 

Oxşar Xəbərlər