DİGƏR ÖZ XƏBƏR

Maddə ilə antimaddə arasında simmetriyanın qırılması ilk dəfə aşkar edildi

CERN alimləri ilk dəfə barionların dağılmasında maddə və antimaddə arasında simmetriya pozuntusunu aşkar ediblər

CERN-dəki Böyük Adron Toqquşdurucusunda fəaliyyət göstərən LHCb əməkdaşlığının fizikləri elm tarixində ilk dəfə olaraq barionların dağılmasında maddə və antimaddə arasında simmetriya pozuntusunu müşahidə ediblər.

32gun.az xəbər verir kimi, tədqiqat nüfuzlu Nature jurnalında dərc olunub.

Məlum olduğu kimi, CP-pozuntusu (yəni elektrik yükü və güzgü simmetriyasının pozulması) alimlərin nəzəriyyələrində kainatda niyə antimaddədən daha çox maddə olduğunu izah edən əsas mexanizmdir. Mövcud kosmoloji modellərə görə, Böyük Partlayışdan dərhal sonra maddə və antimaddə bərabər miqdarda yaranmalı idi. Lakin bu gün müşahidə etdiyimiz kainat əsasən maddədən ibarətdir.

İndiyədək bu simmetriya pozuntusu yalnız mezonlar (bir kvark və bir anti-kvarkdan ibarət hissəciklər) üzərində qeydə alınmışdı. Yeni tədqiqatda isə ilk dəfə olaraq CP-pozuntusu barionların — yəni üç kvarkdan ibarət hissəciklərin (məsələn, proton və neytron) dağılmasında müşahidə olunub.

LHCb layihəsinin tədqiqatçısı Syuetin Yan bildirib:
“Biz barion maddəsi ilə antimaddənin dağılma yolları arasında fərq müşahidə etdik. Bu, iki yox, üç kvarkdan ibarət hissəciklərdə CP-pozuntusunun ilk eksperimental sübutudur.”

Bu nəticə əvvəllər nəzəri cəhətdən proqnozlaşdırılsa da, onun təcrübədə sübut edilməsi xüsusilə çətin idi. Yeni məlumatlar hələlik Böyük Partlayışdan sonra maddə ilə antimaddə arasındakı balansın pozulmasının tam izahını vermir, lakin fizikanın yeni sərhədlərinə doğru ciddi ipucları təqdim edir.

Alimlər ümid edirlər ki, barionlarda CP-pozuntusunun daha dərindən öyrənilməsi fundamental fizikanın sərhədlərini genişləndirəcək və Kainatın təməl xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verəcək. Bu nəticələr həmçinin Standart Modelin hüdudlarından kənarda olan fizika ilə bağlı yeni istiqamətləri göstərə bilər.

Nilay 

Oxşar Xəbərlər