
Çin Elmlər Akademiyasının alimləri insan orqanizminin bərabər şəkildə qocalmadığını, təxminən 50 yaşdan etibarən bədəndəki aşınma və zəifləmə proseslərinin sürətləndiyini müəyyən ediblər.
32gun.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər 14–68 yaş aralığında olan 76 nəfərin səkkiz müxtəlif orqan sistemini analiz ediblər. Ən ciddi bioloji dəyişikliklərin 45–55 yaş aralığında baş verdiyi qeydə alınıb. Xüsusilə ürək-damar sistemi – o cümlədən orqanizmə qan daşıyan əsas damar olan aorta – bu yaşlarda qocalmadan daha çox təsirlənir.
Mütəxəssislər hesab edirlər ki, qocalma prosesi tədricən deyil, dalğavari şəkildə – yəni müəyyən dövrlərdə kəskin dəyişikliklərlə inkişaf edir. Onların fikrincə, damarlar orqanizmdə qocalmanı başladan maddələrin yayılmasında mühüm rol oynaya bilər.
Tədqiqatçılar bu cür “bioloji keçid nöqtələrinin” daha dərindən öyrənilməsinin qocalmanın mexanizmini anlamağa və onun sürətini azaltmağın yollarını tapmağa kömək edəcəyinə ümid edirlər.
Nilay