DİGƏR ÖZ XƏBƏR

Şirə və qəhvədən tutmuş çaya qədər bütün içkilərdə mikoplastik aşkarlanıb

Beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma içkilərdə — o cümlədən şirə və qəhvədə — mikoplastikin olduğunu üzə çıxarıb.

32gun.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.

Science of the Total Environment jurnalında dərc olunan araşdırmaya əsasən, mikoplastik demək olar ki, bütün məşhur içkilərdə — istər isti, istərsə də soyuqda — aşkarlanıb.

Alimlər 155 nümunəni təhlil edərək ölçüsü 10–200 mikrometr olan hissəciklər müəyyən ediblər. Çirklənmənin əsas mənbələri plastik stəkanlar, çubuqlar, qarışdırıcılar, çay paketləri və hətta qəhvə filtrləridir. İsti içkilərdə mikoplastik daha çox olur: məsələn, plastik stəkanda dəmlənmiş isti çayda orta hesabla 22 hissəciyə, şüşə stəkanda 14 hissəciyə, “premium” çay paketlərində isə 30-a qədər hissəciyə rast gəlinib.

Tədqiqat göstərib ki, mikoplastik təkcə çay və qəhvədə deyil, şirələrdə də mövcuddur. Bu mikroskopik plastik hissəciklər havadan, sudan, qidadan, həmçinin kosmetika istifadəsi və sintetik geyimlərin geyilməsi zamanı dəri vasitəsilə orqanizmə daxil ola bilər.

Heyvanlar üzərində aparılan əvvəlki təcrübələr mikoplastikin bağırsaq, ağciyər və reproduktiv sistemə zərər verə biləcəyini göstərib. İnsanlar üçün uzunmüddətli təsirləri hələ tam öyrənilməsə də, mütəxəssislər onun vaxtından əvvəl doğuş, ürək-damar xəstəlikləri və demans riski ilə əlaqəli ola biləcəyini bildirirlər.

Araşdırma müəllifləri nəticə olaraq qeyd ediblər ki, içkilərin mikoplastiklə çirklənməsi sağlamlıq üçün potensial təhlükə yaradır və bu hissəciklərə davamlı məruz qalmaq mənfi nəticələrə səbəb ola bilər.

Ayaz 

Oxşar Xəbərlər