Böyük Britaniyanın Kranfild Universitetinin alimləri ilk dəfə olaraq CRISPR-Cas9 gen redaktə texnologiyasını moruğa (Rubus idaeus) tətbiq ediblər.
32gun.az xəbər verir ki, Araşdırmanın nəticələri Frontiers in Genome Editing (FGE) jurnalında dərc olunub.
Metod moruq yarpaqlarının mikrocücərtilərindən hüceyrələrin — protoplastların ayrılmasına əsaslanır. Bu mərhələdə hüceyrələrə Cas9 zülalı və istiqamətləndirici RNT yeridilir. Onlar DNT-də dəqiq dəyişiklik aparır, lakin yad genetik fraqmentlər buraxmır. Bu yanaşma “DNT-siz redaktə” adlanır və klassik genetik modifikasiyadan əsaslı şəkildə fərqlənir: nəticə həm hüquqi, həm də bioloji baxımdan GMO hesab edilmir.
Tədqiqatçılara görə, dəqiq gen redaktəsi seleksiya prosesini xeyli sürətləndirəcək — ənənəvi üsullarla 10 ilə qədər vaxt aparan yeni moruq sortları təxminən bir ilə yetişdirilə biləcək.
Gələcəkdə bu texnologiya boz çürüməyə davamlı, daha uzunmüddətli saxlanma qabiliyyətinə malik, daşınma zamanı az itki verən moruq sortlarının yaradılmasına imkan verəcək. Bundan əlavə, moruqlar daha iri, daha şirin, tumuz və hətta iqlim dəyişikliyi ilə bağlı anomal istiyə davamlı ola biləcək.
“Təkmil seleksiya üsulları ərzaq itkiləri ilə mübarizə və kənd təsərrüfatının dayanıqlılığı üçün olduqca vacibdir”, — deyə tədqiqatın müəllifi, doktorant Rayan Krit bildirib. — “Biz göstərdik ki, bu texnologiya moruqda tətbiq oluna bilər və indi əsas məqsədimiz redaktə olunmuş hüceyrələrdən tam bitkilər yetişdirməyi öyrənməkdir”.
Alimlər bu məqsədə nail olarsa, mağazalarda daha dadlı və uzunömürlü moruqlar satışa çıxa bilər.
Nilay