Çinin ən böyük sosial şəbəkəsi WeChat süni intellekt (İA) vasitəsilə yaradılan bütün materialların – istər video, şəkil, istərsə də mətn olsun – xüsusi işarələrlə qeyd olunmasını tələb edən yeni qaydalar tətbiq edir.
32gun.az xəbər verir ki, bu barədə The Decoder nəşri məlumat yayıb.
Yeni tələblərə görə, WeChat-də ictimai hesab sahibləri paylaşdıqları materialın İA tərəfindən yaradılıb-yaradılmadığını açıq şəkildə göstərməli və onu təqdim olunan kateqoriyalardan birinə aid etməlidirlər: rəsmi, xəbər, əyləncə və ya şəxsi fikir.
Platforma özü də istifadəçilərin paylaşımlarına görünən və ya görünməyən işarələr əlavə edə biləcək. Məqsəd — yayılan məlumatın şəffaflığını artırmaqdır.
Qaydaların tətbiqi Çində qüvvəyə minən yeni dövlət tənzimləmələri ilə bağlıdır. 1 sentyabr 2025-dən etibarən ölkədə İA ilə yaradılmış bütün kontent məcburi qaydada işarələnməlidir.
Qanun pozulduğu halda – məsələn, işarələrin silinməsi və ya çaşdırıcı kontentin paylaşılması zamanı – istifadəçilər WeChat tərəfindən sanksiyalarla üzləşə bilərlər.
Ayaz