Tayvanlı alimlərin araşdırmasına görə, benzoat natrium — qida sənayesində geniş istifadə olunan konservant və eyni zamanda darçının metaboliti — Alzheimer xəstələrində qan zülallarının səviyyəsini azalda bilər. Bu zülallar xəstəliyin inkişafı ilə əlaqələndirilir.
Xüsusilə, qanında amiloid-beta 1–42 adlı zülalın yüksək olduğu xəstələrdə benzoat natrium qəbulundan sonra yaddaş və idrak funksiyalarında nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.
32gun.az xəbər verir ki, tədqiqatın nəticələri Translational Psychiatry (TP) jurnalında dərc olunub.
Alzheimer xəstəliyi — yaddaş itkisinə və zehni qabiliyyətlərin zəifləməsinə gətirib çıxaran proqressiv nevrodegenerativ xəstəlikdir. Ən çox qəbul edilən elmi yanaşmaya görə, xəstəliyin səbəblərindən biri beyində amiloid peptidlərinin yığılmasıdır. Mövcud müalicələr bu zülalları orqanizmdən çıxara bilir, lakin onlar bahalıdır, venadaxili tətbiq olunur və ciddi yan təsirlərə səbəb ola bilər.
Tayvanlı mütəxəssislər isə daha sadə və təhlükəsiz alternativ axtarışına çıxaraq benzoat natriumun təsirini yoxlayıblar. 50–100 yaş arası, Alzheimerin yüngül mərhələsində olan 149 xəstə 24 həftə ərzində müxtəlif dozada preparat və ya plasebo qəbul edib. Paralel olaraq onların qan analizi və idrak qabiliyyətləri izlənilib.
Ən güclü təsir gündə 750 və ya 1000 mq qəbul edən xəstələrdə müşahidə olunub: onların qanında amiloid-beta 1–40 və ümumi amiloid zülalların səviyyəsi azalıb. Amiloid-beta 1–42 göstəricisi yüksək olan xəstələrdə isə idrak qabiliyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Alimlərin sözlərinə görə, bu nəticələr benzoat natriumun təhlükəsiz və rahat müalicə variantı ola biləcəyini göstərir:
“Biz görürük ki, benzoat natrium həm amiloid zülallarını azaldır, həm də idrak funksiyalarının qorunmasına kömək edir.”
Nilay