Zəfərin 5 illik yubileyi - Öz prezidentinə güvənən xalqın sevinci
Bir az öncə Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında Zəfər Günü ilə bağlı videoçarxda da səsləndirdiyi kimi:
“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir.”
Bu şanlı tarix xalqımızın qanlı yaddaşını zəfərlə sağaltdı, 30 illik həsrətimizə son qoydu və qəlbimizə uzun illər axtardığımız sevinc gətirdi.
Heç unutmuram – biz, bütün jurnalistlər, Ali Baş Komandanın “Twitter” sosial şəbəkəsindəki hesabını (indi X sosial şəbəkəsindəki) səbrsizliklə izləyirdik və ondan müjdəli xəbərləri gözləyirdik. Həm operativ, həm sevinclə, həm kədər, həm şadlıq, bir sözlə, bütün duyğularımızla…
Bu gün həmin müjdəli xəbərlərin üzərindən 5 il keçir. 5 ildir ki, biz qapanmaz yaralarımızı – torpaq yaramızı sağaldırıq.

44 günlük Vətən Müharibəsindən öncə də Prezident İlham Əliyev yerli və xarici auditoriya qarşısında ölkəmizin Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə çatdırırdı. Eyni zamanda, o, ölkənin iqtisadi gücünü və maliyyə imkanlarını möhkəmləndirərək güclü ordu qururdu.
Bu siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf etdi, iqtisadi müstəqilliyə nail oldu və hər hansı xarici təhdidə qarşı dayana biləcək qüvvəyə sahib oldu. Nəticə açıqdır: 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə sona çatdı.
Çünki bütün xalq birlik oldu, hər kəs öz prezidentinə, öz ordusuna güvəndi. Bu güvənə sarıldı və Ali Baş Komandanın ətrafında sıx birləşdi.

Ordumuz Ali Baş Komandanın əmri ilə düşmən tapdağından geri alınan və nəzarətə götürülən torpaqları sevinc və qürurla ona məruzə edirdi. Bu isə gözlərdəki sevinc göz yaşlarını daha da artırırdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlara ardıcıl səfərləri Ermənistana və ona dəstək verən dövlətlərə açıq və ciddi mesaj oldu. Biz tarixi torpaqlarımıza qayıtdıq və burada əbədi yaşayacağıq. Dövlət başçısının həmin bölgələrə səfəri Prezident-Xalq birliyinin möhkəmliyini bir daha göstərdi. İndi bu səfərlər Qarabağın əsl sakinləri ilə görüşlərlə əvəz olunub. Ali Baş Komandan və Mehriban xanım Əliyeva daim Qarabağa qayıdan sakinlərlə görüşür, onlarla maraqlanırlar.

Cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonların sakinləri ilə görüşlərində onlara ünvanlanan təşəkkürlərə verdiyi cavab isə Müzəffər Ali Baş Komandanın sadəliyini, təvazökarlığını və xalqa olan sonsuz sevgisini əyani şəkildə göstərir:
“Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevinc və qürurdur.”
Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanımın hər səfəri köçkünlər üçün yalnız dövlət dəstəyi deyil, həm də mənəvi dayaq və gələcəyə ümid deməkdir. Bu ümid onları birləşdirir və sabaha daha böyük inamla baxmalarına səbəb olur.”

Əlbəttə vurğulamasaq olmaz...
Vətən Müharibəsi hər iki Hikmət – hərb aləmində Hikmət Mirzəyev və diplomatiyada Hikmət Hacıyev – mübarizliyini bir daha gözlər önünə sərdi
XTQ komandiri, general-leytenant H.Mirzəyev Zəfər paradında ön sırada addımlayaraq “Vətən Müharibəsi Qəhrəmanı” adını qazandı. Azərbaycanın ən gənc generallarından olan o, II Qarabağ Müharibəsində əsas əməliyyat rəhbərlərindən olub, xüsusilə Şuşanın azad edilməsinə rəhbərlik edib.
Diplomatiya sahəsində Hacıyev Prezidentin beynəlxalq səhnədə sağ qoluna çevrildi. 44 gün ərzində gecə-gündüz çalışaraq səfirlərlə, Baş Prokurorla və jurnalistlərlə görüşlər keçdi, cəbhəyə səfərlər etdi və sosial mediada operativ məlumat paylaşdı. Onun səmimiyyəti və işgüzarlığı xalqın sevimlisinə çevrilməsinə səbəb oldu.
Allah Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə şəfa versin… Allah Azərbaycan ordusunu qorusun. Yaşasın Azərbaycan, yaşasın Ordumuz. Var ol, Ali Baş Komandan!
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının baş redaktoru