Vişeqrad qrupu ölkələri miqrantların qəbuluna dair öhdəlikləri məhkəmədə mübahisələndirmək niyyətindədir
Vişeqrad qrupu ölkələri — Macarıstan, Slovakiya, Çexiya və Polşa — Avropa İttifaqının (Aİ) miqrasiya paktı çərçivəsində miqrantların qəbuluna dair məcburi öhdəlikləri məhkəmədə mübahisələndirməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb.
Diplomatların sözlərinə görə, miqrasiya paktının həyata keçirilməsi ciddi çətinliklərlə müşayiət olunacaq, çünki Aİ-yə üzv ölkələrin əksəriyyəti ölkə daxilində yaranacaq mənfi reaksiyalardan çəkinərək miqrantların yenidən bölgüsündən yayınmağa üstünlük verir.
Məlumata əsasən, Çexiya və Polşa mürəkkəb miqrasiya vəziyyətinə görə yeni öhdəliklərdən azad edilmələrini tələb edə bilər. Həmçinin qeyd olunur ki, əgər Aİ-nin əksər üzv ölkələri miqrantları qəbul etməkdən imtina etsələr, Avropa Komissiyası (AK) onları cərimələyə bilməyəcək.
12 noyabrda Polşanın baş naziri Donald Tusk bəyan edib ki, Polşa Aİ-nin miqrasiya paktı çərçivəsində miqrant qəbul etməyəcək.
Xatırladaq ki, Avropa İttifaqı Şurası keçən ilin may ayında icmanın miqrasiya paktını yekun olaraq təsdiqləmişdi. Pakt, xüsusilə, miqrantların üzv ölkələr arasında kvotalar üzrə paylanmasını və onları qəbul etməyən dövlətlərin xüsusi fonda maliyyə vəsaiti ödəməsini nəzərdə tutur.
Ayaz