Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktor 131 min manatı mühafizəçilərə verəcək
Nərimanov Tibb Mərkəzi mühafizə xidmətlərini satın alacaq
“Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 17 nəfərlik mühafizəçi heyəti ilə 12 aylıq mühafizə xidməti üçün satınalma həyata keçiriləcək.
32gun.az xəbər verir ki, xidmət 5 post üzrə təşkil olunacaq: 4 post 24 saatlıq, 1 post isə 12 saatlıq rejimdə fəaliyyət göstərəcək.
Satınalma üçün ehtimal olunan qiyməti isə 130.994,16 AZN təşkil edir.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur.
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.

Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
Həmçinin, mediada gedən məlumatlara görə, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən 400 min manatlıq borc qalmaqalı ilə bağlı məhkəməyə verilmişdi. Məsələ sonradan "başqa müstəvidə" həll olunub və Adil Məmmədzadə 2025-ci ildə Fazil Alməmmədovun müavini təyin edilib. Qeyd edək ki, Fazil Alməmmədovun ailə üzvlərinin də Tibb Mərkəzində vəzifə tutması ilə bağlı araşdırmalar yayılmışdı.
Ayaz