Rusiya ərazisində messencer WhatsAppın tam bloklanması real təhlükə olaraq qalır.
32gun.az xəbər verir ki, bu barədə məlumatı Roskomnadzor yayıb. Qurum bildirir ki, xidmət Rusiya qanunvericiliyinin tələblərini sistematik şəkildə pozduğu üçün ona qarşı ardıcıl məhdudlaşdırıcı tədbirlər tətbiq olunur.
Roskomnadzorun açıqlamasına əsasən, söhbət internet-kommunikasiyaların tənzimlənməsi ilə bağlı qanunların yerinə yetirilməməsindən gedir.
Rəqəmsal İqtisadiyyat İnkişafı Fondunun müşahidə şurasının rəhbəri Herman Klimenko cümə günü verdiyi açıqlamada bildirib ki, WhatsApp-ın Rusiyada bloklanması qaçılmazdır – bu, yaxın zamanda da baş verə bilər, bir il sonra da. Onun sözlərinə görə, messencer ən azı beş qanunu pozur və buna görə də bloklama üçün kifayət qədər əsas var. Hazırda hər şey rusiyalıların yerli MAX messencerinə nə dərəcədə tez uyğunlaşacağından asılıdır.
Bundan bir neçə gün əvvəl isə Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin üzvü, “Vahid Rusiya” partiyasının “Rəqəmsal Rusiya” layihəsinin federal koordinatoru Anton Nemkin də WhatsApp-ın bloklanmasını “zaman məsələsi” adlandırmışdı. O qeyd edib ki, messencerin sahibi olan şirkət Rusiya qaydalarını sistemli şəkildə ignor edir, insanların təhlükəsizliyinə təhdid yaradır və ölkə qanunlarına hörmət göstərmədən fəaliyyətini davam etdirir. Buna görə də bloklama məsələsi artıq faktiki olaraq müəyyənləşib.