Qazaxda uşaqlıq xatirələrimdə Heydər Babamız
Bizim Heydər Babamız.
Yaxşı xatırlayıram, 1998-ci il idi. Ulu Öndər mənim doğulub boya-başa çatdığım şairlər yurdu Qazaxa səfər edirdi. 9 yaşım vardı. O zamankı dövlət başçısını rayonumuzda görmək məni dərin bir həyacan hissi ilə bürüdü. Bu hissləri anlatmaq 9 yaşlı Aygünün dilində asan deyildi. Bu gün isə illər keçib, ilk dəfə bu sevgini cəsarətlə yaza bilirəm.
Kiçik qardaşımla sabaha qədər mavi, qırmızı, yaşıl rəngli karandaşlarımızı bir yerə toplayıb vərəqlər üzərində Azərbaycan bayraqları çəkmişdik.
Uşaqlıqdan Qəlbimizdə Heydər Babamız
Səhər açıldı və Heydər Babamız rayonda “Heydər Əliyevin adını daşıyan Park"da Qazax rayon sakinləri qarşısında çıxış etdi. Bu zaman ən çox eşitdiyim səs xalqın — kiçik-böyük hər kəsin dilindən yüksək səslə səslənən “Heydər Baba” idi.
Mən də həmin kütlənin içərisində öz avazımla “Heydər Baba” deyə qışqırırdım.
İş o yerə çatmışdı ki, məhəllədəki yaşıtlarımız və digər uşaqlarla sanki yarışa çıxmışdıq prezidentimizi səsləmək üçün... Əlbəttə, bu bir az oyun kimi gəlsə də, əsas məsələ başqa idi... Əsas məsələ “Baba, biz buradayıq” idi.
Mənim uşaqlığım babasız keçib... Çünki hər iki babam erkən yaşda dünyasını dəyişib. Bir sözlə, baba sevgisi olmadan yaşayan uşaqlardan olmuşuq. Bəlkə də bu sevginin nə olduğunu bilmədən “baba” deyə qışqırırdım...
Baba Sevgisi və Azərbaycan Həyatı
Hə, bir də onu xatırlayıram ki, Ulu Öndər çıxışı bitərkən belə demişdi:
“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”
Bir müddət sonra həmin yazı rayonumuzun mərkəzi küçələrinin birində həkk olundu. Mən də illərlə məktəbdən gələndə həmin yazını görüb oxuduqca o tarixi xatırlayırdım...
Rahat uyu, BABA... Ən böyük arzun Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Layiqli davamçın, prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük ikinci Qarabağ müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi.
Heydər Əliyevin bu arzusu yerinə yetirilib.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalınlın baş redaktoru