"Expargo" şikayət yağışında: Bağlamalar “çeşidlənmədə” ilişib qalıb, müştərilərə aydın cavab verilmir
"Expargo" karqo şirkəti ilə bağlı daha bir narazılıq ictimailəşdirilib.
32gun.az bildirir ki, Aynur Həsənli adlı vətəndaş Türkiyədən sifariş etdiyi məhsulların uzun müddətdir çatdırılmamasından şikayətlənib.
Onun sözlərinə görə, dekabrın 4-ü və 11-dən etibarən sifariş etdiyi bağlamalar Expargo-nun transfer mərkəzində “çeşidlənmədə” statusunda qalıb. Dəfələrlə şirkətə müraciət edilməsinə baxmayaraq, konkret və aydın məlumat verilməyib. Şikayətçi bildirir ki, Expargo əməkdaşları onu yalnız Trendyol asistanına yönləndirirlər.
Trendyol tərəfi bağlamaların artıq Bakıda olduğunu və yaxın vaxtlarda çatdırılacağını bildirsə də, Expargo isə bağlamalarla bağlı məlumatlarının olmadığını deyir. Bu ziddiyyətli açıqlamalar müştərinin narazılığına səbəb olub.
Bundan əlavə, Aynur Həsənli qeyd edir ki, ABŞ ünvanına çatdırılmış başqa bir bağlama ümumiyyətlə Expargo sisteminə daxil edilməyib. Həmin bağlama ilə bağlı da heç bir dəqiq məlumat təqdim olunmur.
Şikayətçi oxşar problemlə qarşılaşan olub-olmadığını soruşur və bu məsələ ilə bağlı hara və kimə rəsmi şəkildə şikayət etməyin mümkün olduğunu ictimaiyyətə ünvanlayır.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub və karqo şirkətlərinin xidmət keyfiyyəti ilə bağlı narazılıqları bir daha gündəmə gətirib
Ayaz