ABŞ-ın Qrenlandiyaya mümkün hücumu Avropa üçün “qırmızı xətt” sayılacaq.
32gun.az bildirir ki, bu barədə Fransanın sabiq baş naziri Dominik de Villepen Bloomberg nəşrinə müsahibəsində bəyan edib.
“Avropa heç bir halda Avropa suverenliyinə zərər vura biləcək hər hansı addımla barışmamalıdır”, – deyə de Villepen vurğulayıb.
Siyasətçinin sözlərinə görə, ABŞ tərəfindən istənilən aqressiya “misli görünməmiş” hadisə olacaq. Çünki bu, NATO-nun ən güclü dövlətinin alyansın digər üzvünə hücumu anlamına gələcək. De Villepen qeyd edib ki, əgər ABŞ prezidenti Donald Tramp belə bir addım atsa, ABŞ-ın statusu rəqib və ya tərəfdaşdan birbaşa düşmənə çevriləcək.
Fransanın sabiq baş naziri bunun dünya tarixində çox böyük və ciddi dəyişiklik olacağını da xüsusi vurğulayıb.
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) müdafiə baxımından ABŞ-ın Qrenlandiyaya sahib olmasına ehtiyac duyduğunu bildirmişdi. Onun sözlərinə görə, Çin və Rusiyaya məxsus gəmilər artıq adanı mühasirəyə alıb.
Bundan əvvəl Ağ Evin aparat rəhbərinin siyasət məsələləri üzrə müavini, ABŞ prezidentinin müşaviri Stiven Millerin həyat yoldaşı Keti sosial şəbəkə X-də Qrenlandiyanın ABŞ bayrağının rənglərində göstərildiyi xəritə paylaşmışdı. O, paylaşımını “soon” (“tezliklə”) sözü ilə müşayiət edərək ABŞ-ın Qrenlandiya ilə bağlı planlarına eyham vurmuşdu.
Ayaz