ÖZ XƏBƏR

Ailə daxili quruluşun zəifləməsi: səbəblər və nəticələr

Ailə cəmiyyətin ən kiçik, eyni zamanda ən vacib sosial institutlarından biri hesab olunur. Tarixən ailə yalnız birgə yaşayış forması deyil, həm də dəyərlərin ötürülməsi, sosial davranışların formalaşması və psixoloji dayaq nöqtəsi kimi çıxış edib. Lakin son illərdə sürətli urbanizasiya, texnologiyanın gündəlik həyata dərin şəkildə nüfuz etməsi, iqtisadi çətinliklər və dəyərlər sistemində baş verən dəyişikliklər ailə daxili quruluşun zəifləməsinə səbəb olub.

Müasir dövrdə ailə üzvləri arasında ünsiyyətin azalması, birgə vaxt keçirmə vərdişlərinin zəifləməsi və məsuliyyət bölgüsündə qeyri-müəyyənlik getdikcə daha qabarıq hiss olunur. Bu proses təkcə ər-arvad münasibətlərinə deyil, eyni zamanda uşaqların psixoloji inkişafına, yaşlı nəslin ailə daxilində roluna və ümumilikdə cəmiyyətin sosial sabitliyinə təsir göstərir. Ailə daxilində yaranan bu boşluqlar zamanla emosional uzaqlaşma, anlaşılmazlıqlar və sosial risklərin artması ilə nəticələnə bilir.

Sosioloq Aysel İsmayılova mövzu ilə bağlı 32gun.az-a bildirir ki, ailə daxili quruluşun zəifləməsinin əsas səbəblərindən biri ailə üzvlərinin emosional əlaqələrinin maddi və texnoloji amillərin kölgəsində qalmasıdır:
“Müasir ailələrdə hər kəsin öz fərdi dünyası formalaşıb. Telefonlar, sosial şəbəkələr və iş qrafiklərinin sıxlığı ailə üzvlərini eyni məkanda olsa belə, psixoloji olaraq bir-birindən uzaqlaşdırır. Bu isə qarşılıqlı anlaşmanı zəiflədir və ailə daxilində rol bölgüsünü pozur,” – deyə ekspert qeyd edir.

Onun sözlərinə görə, bu proses uzunmüddətli perspektivdə uşaqlarda güvən hissinin azalmasına, böyüklərdə isə tənhalıq və stressin artmasına səbəb olur:
“Ailə daxilində sağlam ünsiyyət olmadıqda, problemlər vaxtında müzakirə edilmir və yığılıb qalır. Nəticədə kiçik anlaşılmazlıqlar belə ciddi münaqişələrə çevrilə bilir. Sağlam ailə modeli isə davamlı dialoq, qarşılıqlı hörmət və ortaq məsuliyyət üzərində qurulmalıdır.”

Nilay

Oxşar Xəbərlər