Prezident qəbullar keçirdi - YENİLƏNİB
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
"32gun.az" xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.
Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlət başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi.
Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğuladı.
Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd etdi.
Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirdi.
Dövlət başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğuladı.
Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğuladı ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.
Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd etdi.
Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulandı, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edildi, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyini bildirildi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olundu.
Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini dedilər.
***14:37
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.
"32gun.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***13:20
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
"32gun.az" xəbər verir ki, seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğuladı. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd etdi.
TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini dedi.
Kubanıçbek Ömüralıyev qeyd etdi ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçkilərlə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.
Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirdi.
Kubanıçbek Ömüralıyev qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.
Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edildi. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırıldı.
*** 11:03
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
***11:00
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.
"32gun.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb