DÜNYA ÖZ XƏBƏR

İranda etirazların liderlərinin saxlanılması üzrə əməliyyatlar keçirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (KSEK) ölkənin dörd bölgəsində — Yəzd, Semnan, Rəfsəncan və Sircanda baş verən iğtişaşların ehtimal olunan təşkilatçı və liderlərinin saxlanılması məqsədilə əməliyyatlar həyata keçirib.

32gun.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
KSEK-in yaydığı açıqlamaya görə, diqqətli müşahidə və vaxtında aparılan kəşfiyyat tədbirləri nəticəsində Yəzd əyalətində son iğtişaşlarda iştirak edən silahlılar və əsas təşkilatçılar müəyyən edilərək saxlanılıb. Bildirilir ki, Semnan əyalətində də İsraillə əlaqəli terror qrupları ilə bağlı olduğu iddia edilən və son etirazlarda iştirak edən xeyli sayda agent ifşa edilərək həbs olunub.
Tasnim agentliyi İranın İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, KSEK-in iğtişaş iştirakçıları və təşkilatçılarının saxlanılması üzrə əməliyyatları ölkənin cənubunda yerləşən Rəfsəncan və Sircən şəhərlərində də həyata keçirilib. Məlumata görə, ümumilikdə altı nəfər saxlanılıb, onlardan biri təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücumda ittiham olunur.
Qeyd edək ki, 28 dekabr tarixində İranda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda etiraz aksiyaları başlayıb. Etirazlar təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə müşayiət olunub, polis gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Ən iri aksiyalar Tehranda, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərbində — Malekşahi, Kermanşah və Lordegan şəhərlərində qeydə alınıb.
Yanvarın əvvəlində isə İran hakimiyyəti etirazların qarşısını almaq məqsədilə ölkə üzrə internet və telefon rabitəsini müvəqqəti olaraq dayandırıb. Bu addımın etirazçılara qarşı tədbirlər paketinin bir hissəsi olduğu bildirilir.

Ayaz 

Oxşar Xəbərlər