Avstraliyanın Kral Viktoriya Göz və Qulaq Xəstəxanasının alimləri göz torunun damar şəbəkəsinin analizinin insult riskini ənənəvi üsullar qədər dəqiq proqnozlaşdıra biləcəyini aşkar ediblər. Üstəlik, bu metod invaziv laboratoriya araşdırmalarına ehtiyac olmadan tətbiq edilir.
32gun.az bildirir ki, Tədqiqatın nəticələri Heart jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, göz torunun damarları beyin damarları ilə oxşar anatomik və fizioloji xüsusiyyətlərə malikdir. Bu səbəbdən, onun vəziyyəti diabet də daxil olmaqla sistem xəstəliklərinin yaratdığı zədələri qiymətləndirmək üçün istifadə edilə bilər. Ancaq bu potensial əvvəllər yetərincə araşdırılmadığı üçün tam istifadə edilməyib.
Yeni metod 29 əsas damar göstəricisinin analizinə əsaslanır. Bu göstəricilər göz dibinin şəkilləri vasitəsilə müəyyən edilir. Alimlər maşın öyrənməsi və göz torunun mikrosirkulyasiyasını analiz edən sistem (RMHAS) vasitəsilə insultla bağlı biomarkerləri aşkar etmək üçün dəqiq bir vasitə hazırlayıblar.
Metodun ilkin sınaqlarında 40-69 yaş aralığında olan 45,161 nəfər iştirak edib. İştirakçılarda damarların qalınlığı, sıxlığı, burulma dərəcəsi, şaxələnmə bucağı və mürəkkəbliyi kimi parametrlər araşdırılıb. Daha sonra 12,5 il ərzində davam edən müşahidə dövrü ərzində 749 nəfərdə insult qeydə alınıb.
Nəticələr göstərib ki, damar sıxlığının dəyişməsi insult riskini 10-19%, qalınlığın dəyişməsi 10-14%, damarların mürəkkəbliyinin və burulma dərəcəsinin azalması isə 10,5-19,5% artırır.
Araşdırmanın iştirakçılar arasında ağdərili insanların üstünlük təşkil etməsi kimi məhdudiyyətləri olsa da, müəlliflər göz torunun analizinin insult riskini qiymətləndirmək üçün rahat və qeyri-invaziv bir üsul ola biləcəyini vurğulayırlar.
“Təsvirlərin diaqnostik vasitə kimi istifadəsi daha əlçatan və qeyri-invaziv tibbi xidmətə doğru bir addımdır,” – deyə tədqiqatçılar qeyd ediblər.
Ayxan