Avropanın Qrenobl şəhərindəki Sinxrotron Araşdırma Mərkəzi və Paris Politexnik İnstitutunun alimləri dəmirin yer nüvəsinə bənzər təzyiq və temperatur şərtlərində davranışını tədqiq ediblər. Araşdırmanın nəticələri dəmirin xüsusiyyətləri və fazalarının sabitliyi barədə yeni məlumatlar ortaya qoyaraq, planetimizin təkamülünü anlamağa mühüm töhfə verib.
32gun.az bildirir ki, Tədqiqatın nəticələri nüfuzlu Physical Review Letters jurnalında dərc olunub.
Dəmir, yer nüvəsinin əsas komponenti olaraq, ekstremal şərtlərdə geodinamik proseslərə əhəmiyyətli təsir göstərir. Alimlər dəmirin sabitliyi və xüsusiyyətlərini dəqiqləşdirərək, onun bərk daxili nüvədən maye xarici nüvəyə keçid proseslərini izah etməyə çalışıblar.
Tədqiqatçılar, 240 gigapasqaldan yuxarı təzyiqlər və 5000 Kelvin (4 726°C) temperaturda dəmirin davranışını öyrəniblər. Ultra sürətli rentgen absorpsiya spektroskopiyası metodu ilə dəmirin ərimə temperaturu və struktur dəyişiklikləri ölçülüb.
Eksperimentlər High Power Laser Facility adlı yüksək güclü lazer qurğusunda həyata keçirilib. Burada güclü lazerlər dəmir nümunələrinə zərbə dalğaları tətbiq edərək onları ekstremal təzyiq və temperatur şəraitinə məruz qoyub. Eyni zamanda, ultra sürətli rentgen şüaları dəmirin bu şəraitdəki vəziyyətini qeydə alıb.
Tədqiqatın nəticələrinə görə, 240 gigapasqaldakı təzyiqdə dəmirin ərimə temperaturu 5345 Kelvin (5 071°C) olub. Alimlər dəmirin ərimə əyrisini dəqiqləşdirərək, onun yerin daxili və xarici nüvəsi arasındakı sərhədin formalaşmasına təsirini göstəriblər.
Gələcək araşdırmalarda alimlər dəmir xəlitələrini tədqiq etməyi planlaşdırırlar. Çünki onların xüsusiyyətləri saf dəmirdən fərqli ola və yer nüvəsinin şəraitinə daha uyğun gələ bilər. Bu, Yeri xatırladan ekzoplanetlərin quruluşunun öyrənilməsinə və nüvə sintezinin yeni texnologiyalarının inkişafına da töhfə verə bilər.
Nilay