İvan Savvidi yenidən "Rostov"a qayıda bilər
Rusiya Federasiyasının Rostov vilayətinin icra başçısı Yuri Slyusar Yunanıstanlı iş adamı İvan Savvidiyə "Rostov" futbol klubunu almağı təklif edib.
32gun.az bildirir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov Telegram kanalında məlumat verib.
Məlumata görə, Savvidi klub prezidenti Artashes Arutyunyantsın sahib olduğu 49% payı və vilayətin nəzarətində olan 25,99% payı alacaq. Müqavilə başa çatdıqdan sonra "Rostov"un 25% + 1 səhmi dövlətin nəzarətində qalmaqla klub özəl mülkiyyətə keçəcək.
Savvidi həmçinin Yunanıstanın PAOK klubunun əsas səhmdarı kimi iki komanda arasında əməkdaşlıq yaratmağı və gənc futbolçuların qarşılıqlı oyun təcrübəsi qazanmasını hədəfləyir.
Qeyd edək ki, İvan Savvidi 2002-2005-ci illərdə "Rostov" klubunun prezidenti olub. Hazırda komanda Rusiya Premyer Liqasında 30 xalla 7-ci pillədə qərarlaşıb.
Ayxan