1960-cı illərin inqilabi ixtirası: Zərər verməyən nəhəng təkərlər
1950-ci illərin sonunda avtomobil sənayesində inqilabi yenilik olaraq təqdim edilən “Rolligon” adlı xüsusi təkərlər təhlükəsizliyi və çətin ərazilərdə rahat hərəkəti ilə diqqət çəkib.
32gun.az xəbər verir ki, amerikalı ixtiraçı Uilyam Hamilton Albee tərəfindən hazırlanan bu təkərlər ilk dəfə 1957-ci ilin dekabrında “Mechanix Illustrated” texnologiya jurnalında yayımlanan fotoda ictimaiyyətin marağına səbəb olmuşdu. Fotoda 7 tonluq “Albee Rolligon” adlı yük maşını bir qadının üzərindən keçsə də, qadının zərər görmədən gülümsəməsi təkərlərin təhlükəsizliyini sübut edirdi.
“Rolligon” markalı bu təkərlər çöl, tundra kimi yumşaq torpaqlı və enişli-yoxuşlu ərazilərdə hərəkət üçün nəzərdə tutulmuşdu. Geniş səthə sahib olan bu təkərlər adi avtomobil təkərlərinə nisbətən daha aşağı təzyiqlə şişirdilirdi (təxminən 30-35 PSI), bu da onların yerə daha az təzyiq göstərməsinə və insanlara zərər vermədən üzərindən keçməsinə imkan yaradırdı.
Albee bu ideyasını inkişaf etdirərək “Goodyear” şirkətinin dəstəyilə istehsala başlamış və “Albee Rolligon Company”ni qurmuşdu. Şirkət ABŞ ordusunun dəstəyi ilə müxtəlif modellərdə nəqliyyat vasitələri – Jeep, Reo və Dodge Power Wagon – istehsal etmişdi. Lakin kommersiya baxımından uğur qazanmayan şirkət 1960-cı ildə John G. Holland tərəfindən alınıb və adı “Rolligon Corporation” olaraq dəyişdirilmişdi.
Hazırda “Rolligon” markası ABŞ-ın “National Oilwell Varco” şirkətinin nəzdində fəaliyyət göstərir və əsasən qaz və neft sahələrində istifadə olunan texnika üçün bu tip təkərlər istehsal edir. Buna görə də bu təhlükəsiz və unikal təkərləri müasir avtomobillərdə görmək mümkün deyil.
Nilay