Beynəlxalq alimlər qrupu müəyyən edib ki, qalaktikaların nüvəsində yerləşən və kainatda ən sıx ulduz sistemləri hesab olunan ulduz topaları, daha kiçik topaların birləşməsi nəticəsində formalaşa bilər.
32gun.az bildirir ki, tədqiqat Nature jurnalında dərc olunub.
Kainatda ən çox rast gəlinən qalaktika növü cırtdan qalaktikalardır. Bu qalaktikalarda Süd Yolu ilə müqayisədə yüzlərlə dəfə az ulduz olur və onların daha böyük və kütləvi qalaktikaların yaranmasında əsas rol oynadığı düşünülür.
Cırtdan qalaktikaların mərkəzində yerləşən sıx ulduz topaları uzun müddətdir alimlər arasında mübahisə mövzusu olub. Bəziləri bu strukturların bir neçə qlobulyar topanın birləşməsi ilə yarandığını, digərləri isə alternativ nəzəriyyələr irəli sürüb.
Hubble teleskopu ilə aparılan müşahidələr zamanı 80-ə yaxın cırtdan qalaktika tədqiq edilib. Bəzilərinin nüvəsində bir-birinə çox yaxın yerləşmiş iki topa, digərlərində isə nüvədən çıxan zəif işıq izləri müşahidə olunub.
Ətraflı analiz bu topaların birləşmə nəticəsində formalaşdığını göstərib. Alimlər bunu sübut etmək üçün müxtəlif kütləyə və dinamikaya malik ulduz topalarının birləşməsini simulyasiya edən kompüter modelləri hazırlayıblar. Modellər göstərib ki, fərqli kütləyə malik topalar birləşdikdə, bir müddət görünən işıqlı “quyruqlar” yaranır. Bu mərhələ, təxminən 100 milyon il davam edən qısa müddətli prosesdir.
Tədqiqatçılar hesab edir ki, əldə olunan nəticələr ulduz topalarının birləşməsinin cırtdan qalaktikaların nüvələrinin təkamülündə əsas rol oynadığını sübut edir və bu qədim strukturların milyon illər ərzində necə dəyişdiyini izah etməyə kömək edir.
Nilay