Virciniya Texnoloji İnstitutunun (Virginia Tech) alimləri obezliyin beyində motivasiya, emosiyalar və mükafat hissinə cavabdeh neyron şəbəkələrə necə təsir etdiyini araşdırıblar.
32gun.az bildirir ki, məlumat universitetin rəsmi saytında yayımlanıb.
ABŞ-da obezlik sürətlə yayılır: son Milli Sağlamlıq və Qidalanma Sorğusuna əsasən, 20 yaşdan yuxarı amerikalıların 4-dən 1-i artıq çəkidən əziyyət çəkir. Bu, 20 il əvvəlki göstəricidən xeyli yüksəkdir. Obezlik tip 2 diabetin inkişaf riskini artırır, qeyri-sağlam qidalanma isə ABŞ-da hər il 300 minə yaxın ölüm halı ilə əlaqələndirilir.
Tədqiqat qrupunun rəhbərlərindən biri olan dosent Aleksandra DiFeliçantonio bildirib:
“Ən çox yayılan xroniki xəstəliklərin əsasında qida seçimləri dayanır. Bu isə o deməkdir ki, biz bu davranışlara təsir edə bilərik.”
Tədqiqatçılar heyvanlar üzərində aparılan eksperimentləri real insan beyninin fəaliyyəti ilə əlaqələndirməyə çalışır. Əsas məqsəd – beynin mükafatlandırma ilə bağlı biokimyəvi siqnallarının maddələr mübadiləsinə necə təsir etdiyini anlamaqdır.
Yaxın dövrlərə qədər insan beynində neyromediatorların fəaliyyətini real vaxtda izləmək mümkün deyildi. Lakin professor Rid Montaqinin rəhbərliyi ilə inkişaf etdirilən metod sayəsində bu artıq mümkündür. Epilepsiya xəstələrinə quraşdırılan xüsusi incə elektrodlar vasitəsilə alimlər beynin şirin içkilərə və emosional stimullara reaksiyasını ölçə bilirlər.
Neyrobioloq Mett Hau isə belə izah edib:
“Biz başa düşmək istəyirik ki, beyin kimyəvi siqnalları sadə zövqləri — məsələn, şirin dadı — qida ilə bağlı sözlərin qəbulu kimi mürəkkəb anlayışlarla eyni şəkildəmi kodlaşdırır.”
Tədqiqatçılar qeyd edir ki, hazırda obezlik əleyhinə istifadə olunan bir çox dərmanlar məhz beynin mükafat sisteminə təsir edir. Lakin DiFeliçantonionun fikrincə, insan arıqladıqdan sonra belə beynin bu sistemləri əvvəlki vəziyyətinə qayıtmaya bilər. Bu mexanizmləri dərindən başa düşmək, fərdi və daha təsirli müalicə metodlarının inkişafına yol aça bilər.
Ayxan