DİGƏR ÖZ XƏBƏR

Alimlər təyyarələrdən istifadə edərək Yer kürəsini soyutmağın yolunu tapıblar

Alimlər mövcud təyyarələrlə planetin soyudulmasının mümkün olduğunu aşkar ediblər

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, planetin soyudulması üçün yeni təyyarələrin hazırlanmasına ehtiyac yoxdur — bu məqsəd üçün mövcud təyyarələrdən istifadə etmək olar.

32gun.az bildirir ki, araşdırmanın nəticələri "Earth" jurnalında dərc olunub.

Söhbət atmosferə kiçik hissəciklərin buraxılmasından gedir. Bu üsulla Günəş işığının əks etdirilməsi və Yer səthində temperaturun azaldılması hədəflənir. Əvvəllər hesab olunurdu ki, bunun üçün aerozolları ekvator bölgəsində təxminən 20 kilometr yüksəklikdə səpələmək lazımdır və bu isə xüsusi təyyarələrin hazırlanmasını tələb edirdi.

Yeni araşdırma isə göstərib ki, hissəcikləri 13 kilometr yüksəklikdə, məsələn, Norveç və ya Alyaska kimi qütblərə yaxın bölgələrdə səpməklə də nəzərəçarpacaq soyutma effekti əldə etmək mümkündür. Bu zaman adi yük təyyarələrindən, məsələn, Boeing 777F-dən istifadə etmək kifayət edir.

Qeyd olunub ki, bu üsul ekvatora yaxın və daha yüksəkdə səpilmə metodundan bir qədər zəif işləyəcək. İstənilən təsiri əldə etmək üçün üç dəfə daha çox maddə istifadə olunmalıdır. Bu isə turşu yağışları kimi yan təsirlərin riskini artıracaq. Həmçinin, bu üsul tropik bölgələri, yəni iqlim dəyişikliyinin ən ciddi təsir etdiyi əraziləri kifayət qədər soyutmayacaq.

Buna baxmayaraq, alimlər hesab edirlər ki, iqlim dəyişikliyi ilə mübarizədə bütün mümkün yollar araşdırılmalıdır. Mövcud təyyarələrlə sürətli fəaliyyətə başlamaq, yeni texnika hazırlanmasını illərlə gözləməkdən daha asan və ucuz olacaq.

Tədqiqatçılar vurğulayıblar ki, bu metod istixana qazlarının emissiyasını azaltmaq zərurətini aradan qaldırmır. Qlobal istiləşmə probleminin həqiqi həlli karbon izinin azaldılmasıdır.

Ayxan 

Oxşar Xəbərlər