DİGƏR ÖZ XƏBƏR

Alimlərdən ulduz dünyasını sarsıdan kəşf: “Ofion” adlı sirli ulduz toplusu aşkarlandı

ABŞ-ın Qərbi Vaşinqton Universitetinin və digər elmi mərkəzlərin alimləri ənənəvi ulduz dinamikası nəzəriyyələrinə meydan oxuyan qeyri-adi bir ulduz toplusunu – Ofionu – kəşf ediblər.

32gun.az bildirir ki, bu barədə The Astrophysical Journal (TAJ) elmi nəşrində məlumat verilib.

Yer kürəsindən cəmi 650 işıq ili uzaqlıqda yerləşən Ofion ulduz toplusu 1000-dən çox cavan ulduzdan ibarətdir. Onların yaşı 20 milyon ildən azdır ki, bu da astronomik miqyasda çox gənc hesab olunur.

Ən maraqlısı isə bu ulduzların davranışıdır: Ofiondakı ulduzlar sanki bir-birinə tabe olmayan, nizamsız və xaotik şəkildə hərəkət edir. Bu, belə sistemlərin milyardlarla il sabit qalması barədə mövcud nəzəriyyələri şübhə altına alır. Tədqiqatçılar bildirirlər ki, bu cür qarışıq hərəkət nəticəsində Ofion çox qısa müddətdə tamamilə dağılacaq.

Aparıcı tədqiqatçı Dilan Hason qeyd edib:
“Bu, gördüyümüz heç bir ulduz ailəsinə bənzəmir.”

Alimlər Ofionu aşkar etmək üçün Gaia Net adlı yeni analiz modeli hazırlayıblar. Model Avropa Kosmik Agentliyinin Gaia teleskopunun DR3 kataloqundan yüz milyonlarla ulduz spektrini təhlil etməyə imkan verib. Onlar xüsusi olaraq aşağı kütləyə malik gənc ulduzlara fokuslanıblar.

Toplunun qeyri-adi davranışının səbəbləri ilə bağlı bir neçə fərziyyə irəli sürülüb. Bunlara qonşu nəhəng ulduz toplusunun cazibə təsiri, qədim supernova partlayışlarının nəticələri və formalaşma zamanı hökm sürmüş qeyri-adi şərait daxildir.

Alimlər bu kəşfin ulduzların doğuluşu və inkişafı ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcəyini düşünürlər.

Nilay 

Oxşar Xəbərlər