Qara dəliklər — kainatın ən müəmmalı obyektlərindən biridir. Ənənəvi olaraq, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, onların mərkəzində sonsuz sıxlığa malik sinqulyarlıq — fizika qanunlarının işləmədiyi bir nöqtə olmalıdır. Lakin beynəlxalq fundamental fizika institutunun alimi Stefano Liberati və onun komandası bu fikrə alternativ modellər irəli sürüb.
32gun.az bildirir ki, qraşdırma Journal of Cosmology and Astroparticle Physics (JCAP) jurnalında dərc edilib.
Alimlər üç fərqli qara dəlik modelini təhlil ediblər:
— Klassik model (sinqulyarlıq və hadisələr üfüqü ilə),
— “Regulyar” model (sinqulyarlıq olmadan, lakin hadisələr üfüqü ilə),
— Qara dəlik imitasiyası (nə sinqulyarlıq, nə də hadisələr üfüqü olmayan, lakin xarici görünüşcə oxşar obyekt).
Bu obyektlər xarici görünüşcə oxşar olsa da, aralarındakı fərqlər müəyyən elmi alətlərlə üzə çıxarıla bilər. Alimlər bu fərqləri, xüsusilə qravitasiya dalğalarının xarakterinə və qara dəliyi əhatə edən işığın davranışına əsasən müşahidə etməyi planlaşdırırlar. Gələcəkdə Event Horizon Telescope kimi teleskoplar bu incə fərqləri müəyyən etməyə kömək edə bilər.
Liberatinin sözlərinə görə, insanlıq bu sahədə hələ yolun əvvəlindədir və qarşıda qravitasiya ilə bağlı böyük kəşflər dayanır. Bu tədqiqatlar ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını birləşdirəcək kvant qravitasiya nəzəriyyəsinin yaranmasına yol aça bilər.
Nilay