Böyük Britaniya bahalı olmasına görə İsrailin “Dəmir qübbə” sisteminə bənzər özünün raket əleyhinə müdafiə sistemini yaratmaq planından imtina edə bilər.
32gun.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Qəzetin məlumatına görə, belə bir layihə ölkəni qorumaq üçün olduqca baha başa gələ bilər və xarici təhdidlərin qabaqlanması istiqamətində tədbirlərin görülməsi ilə müqayisədə qeyri-effektiv hesab olunur.
Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, nazirlik uzun illər çəkən və milyardlarla funt sterlinqə başa gələn silah alınması qərarlarından çəkinməlidir. Onun fikrincə, belə layihələr zamanı alınan texnika istifadə edilməzdən əvvəl köhnəlmiş olur.
Xatırladaq ki, ötən il The iPaper nəşri Britaniya parlamentinin müdafiə komitəsinin sabiq rəhbəri Tobias Ellvuda istinadən yazmışdı ki, ölkənin hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı fonunda Böyük Britaniya potensial raket hücumları qarşısında həssas vəziyyətdədir. Ellvudun sözlərinə görə, həyati əhəmiyyətli infrastrukturun qorunması üçün “Dəmir qübbə”yə bənzər milli HHM sisteminə sərmayə yatırılmalıdır.
Ayxan