Beyin fəaliyyəti üzərində aparılan son araşdırma insanın ölüm anında yuxu və ya xatirəni xatırladan hallar yaşadığını ortaya çıxarıb.
32gun.az bildirir ki, bu barədə Kentukki ştatındakı Luisvill Universitetinin neyrocərrahı Acmal Zəmər “Metro” nəşrinə danışıb.
Neyrocərrahın sözlərinə görə, nəticələr 87 yaşlı bir xəstənin ürəyi dayanmazdan 30 saniyə əvvəl və sonra çəkilmiş elektroensefaloqramma (EEQ) göstəricilərinin təhlili əsasında müəyyən edilib.
Zəmər bildirib ki, yuxu və ya xatirələrlə əlaqəli olan gamma osillasiya dalğalarında "ölümə keçid" zamanı və hətta ondan sonra da beyin aktivliyi qeydə alınıb. Onun fikrincə, beyin ölüm anından əvvəl insan həyatında mühüm rol oynayan son xatirələri “canlandıra” bilər.
Mütəxəssis əlavə edib ki, bu nəticələr ölüm anının dəqiq müəyyənləşdirilməsi ilə bağlı mövcud anlayışlara yenidən baxmağa səbəb olur və orqan donorluğu üçün uyğun zamanla bağlı suallar doğurur.
Qeyd edək ki, daha əvvəl Kanada McGill Universitetinin alimləri müəyyən etmişdilər ki, yeniyetməlik dövründə bioloji saatın – yəni sirkadiyal ritmlərin pozulması beyin inkişafına təsir göstərə bilər. Bu, xüsusilə də ananın hamiləlik zamanı keçirdiyi infeksiyalar kimi risk faktorları mövcud olduqda daha da təhlükəlidir.
Nilay