DİGƏR ÖZ XƏBƏR

Alimlər metanol zəhərlənməsini aşkarlayan “ağıllı alkoqol detektoru” hazırlayıblar

Avstraliyanın Adelaide Universitetinin alimləri təhlükəli metanol (metil spirti) zəhərlənməsini tez bir zamanda aşkarlaya bilən xüsusi cihaz – “metanol alkoqol detektoru” hazırlayıblar.

32gun.az xəbər verir ki, bu barədə elmi məqalə ACS Sensors jurnalında dərc olunub.

Qeyd olunur ki, metanol — sənaye spirtidir və texniki mayelərdə, həlledicilərdə, yanacaqda istifadə olunur. Xüsusilə gəliri az olan ölkələrdə bu maddə alkoqollu içkilərə qatılır ki, bu da zəhərlənməyə, korluğa, qıcolmalara və az miqdarda belə ölümə səbəb ola bilər.

Tədqiqatçılar bildiriblər ki, hazırda metanolun aşkarlanması yalnız qan analizi ilə mümkündür ki, bu da həm baha, həm də çətindir. Problemi həll etmək üçün alimlər tərkibində qrafen və sirkonium əsaslı metal-organik çərçivə (MOF) olan keçirici mürəkkəbdən istifadə edərək xüsusi sensor hazırlayıblar. Bu qurğu havadakı metanol molekullarını “tuta bilir”.

“MOF süngər kimi metanol molekullarını tutur, qrafen isə siqnalı gücləndirir”, – deyə araşdırma müəllifləri izah ediblər.

İlkin testlərdə sensor milyardda 50 hissəcik qədər aşağı səviyyəli metanolu aşkarlayıb – bu isə zəhərlənmə zamanı mövcud olan səviyyədən aşağıdır. Lakin ilk mərhələdə sensor metanol və etanolu fərqləndirə bilmirdi. Bu problemi aradan qaldırmaq üçün tədqiqatçılar maşın öyrənməsi texnologiyasından istifadə ediblər. Alqoritm iki maddəni eyni anda tanımağı öyrənib.

Alimlər bildiriblər ki, bu hələ ilkin addımdır. Sensorun nəfəsdəki yüksək rütubətə uyğunlaşdırılması üzərində işlər davam etdirilir.

Yeniliyin təcili tibbi yardım maşınlarında, portativ alkoqol detektorlarında və metanolla işləyən müəssisələrdə istifadəsi nəzərdə tutulur. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya xüsusilə yoxsul regionlarda — qanın analizi mümkün olmayan və sürətli diaqnostikanın həyat məsələsi olduğu yerlərdə olduqca faydalı ola bilər.

Nilay 

Oxşar Xəbərlər