Alimlər: “Yalançının jestləri” anlayışı mifdir
Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanın üz ifadələri və ya danışıq tərzi əsasında onun yalan danışıb-danışmadığını dəqiq müəyyənləşdirmək mümkün deyil.
32gun.az xəbər verir ki, araşdırma Law and Human Behavior jurnalında dərc olunub.
Professor Liann Brinke qeyd edib ki, hazırlıqsız insanların yalanı müəyyən etmə dəqiqliyi 54 faizdən yuxarı qalxmır. Halbuki bu bacarıq çox vaxt məhkəmə işlərinin və istintaqların nəticəsinə təsir edir.
Xatırladaq ki, 2012-ci ildə Brinkenin rəhbərlik etdiyi komanda yalanı guya yüksək dəqiqliklə tanımağa imkan verən dörd əlamət irəli sürmüşdü: qaldırılmış qaş, təbəssüm, qeyri-müəyyən sözlər (“bəlkə”, “məncə”) və cümlə sayının azalması. Bu nəticələr yaxınlarının taleyi ilə bağlı yalan danışdığı sonradan sübut olunan şəxslərin çıxışlarının təhlili əsasında əldə olunmuşdu.
Lakin yeni araşdırma göstərib ki, həmin meyarları digər hallara tətbiq etmək mümkün olmayıb: bəziləri ümumiyyətlə müşahidə edilməyib, digərlərinin isə proqnozlaşdırıcı gücü təsadüfi təxmin səviyyəsinə enib.
“İnsanlar tez-tez düşünür ki, müəyyən sözlər və ya mimikalarla yalanı tanımaq olar. Amma bir qrupda işləyən siqnallar hamıya şamil edilmir, xüsusilə də stresli vəziyyətlərdə”, – deyə alim bildirib.
Onun fikrincə, yalanı üzə çıxarmaq üçün daha fərdiləşdirilmiş yanaşmalara və əlavə araşdırmalara ehtiyac var. “Yalançının təbəssümü” və ya “danışan jestlər” isə sadəcə gözəl uydurmadır.
Nilay