İDMAN

Elxan Məmmədovdan alınan kanalı GÖRÜN KİMLƏR İDARƏ EDƏCƏK

“CBC Sport”in idarəçiliyi “əl dəyişir”.

SOCAR-a bağlı tərəmə şirkət tərəfindən təsis olunan və maliyyələşdirilən kanalın rəhbərliyinə yeni simalar cəlb olunmaqdadır.

Onların yaradılmasına başlanan Müşahidə Şurasında yer alması qərarlaşdırılıb.

Bundan öncə kanalda işçilər kütləvi şəkildə ixtisar edilib. İlkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.

Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər.

Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.

Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdən çıxarılmaların olacağı anonsu verilib.

Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı.

Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməsi xeyli suallar yaradıb.

Yaranmış vəziyyət maliyyə çatışmazlığı ilə bağlı deyil. “CBC Sport”un bu sarıdan heç bir problemi yoxdur.

Maddi dəstək əvvəlki səviyyədədir. Sadəcə, kanala nəzarət(çi) dəyişib. Son günlərə kimi bu səlahiyyət de-fakto Elxan Məmmədovda idi.

Uzun illər AFFA-ya rəhbərlik etmiş keçmiş icraçı vitse-prezident ötən ilin mayında FİFA-nın Paris ofisində çalışmağa başlasa belə, yenə “CBC Sport”u əlindən buraxmamışdı.

Ölkə futbolu ilə bağlı bəzi verlişlər var idi ki, sırf Fransadan göndərdiyi tezislər əsasında efirə gedirdi. Məmmədov verlişdə nə fikirlərin söylənməsini lazım bilirdi, o da səsləndirilirdi.

Yaxınlarda belə proqramların birində «qırmızı xətt»i keçən ifadə işlənib. Konkret olaraq klubların biri haqda. Və bu da AFFA-ya təsir gücü olan şəxslərin xoşuna gəlməyib.

Kanala nəzarətin federasiyanın yeni baş katibi Sərxan Hacıyevə verilməsi tapşırılıb.

Daha sonra “CBC Sport”un direktoru Volkan Üstə ümumi siyasətin dəyişdirilməsi barədə təlimat gəlib. Türkiyəli funksionerə bildirilib ki, reytinqi aşağı verlişlərin hamısı efirdən “yığışdırılsın“.

SPORTİNFO.AZ

Oxşar Xəbərlər