DÜNYA ÖZ XƏBƏR

ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyata başlaması mümkündür — Bloomberg

ABŞ Venesuelaya qarşı hərbi kampaniyaya təxminən noyabrın 15-dən etibarən başlaya bilər.

32gun.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bildirilir ki, həmin tarixdə “Gerald R. Ford” aviadaşıyıcısı Atlantik okeanını keçmiş olacaq.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp real planları barədə açıq danışmasa da, Venesuela lideri Nikolas Maduronun hakimiyyətdə qalma ehtimalının azaldığını bildirib. Agentliyin yazdığına görə, artıq söhbət Maduronun devrilib-devrilməyəcəyindən çox, bunun nə zaman və hansı şəkildə baş verəcəyindən gedir.

“Gerald R. Ford” aviadaşıyıcısı bu həftə Aralıq dənizindən çıxıb. Atlantikdən keçid 7-10 gün çəkdiyi üçün mümkün hərbi əməliyyatın bu ayın ikinci yarısından əvvəl başlanması real görünmür. Məlumatda deyilir ki, əməliyyat üçün “əsas zaman pəncərəsi” noyabrın ortalarından Milad bayramına bir neçə gün qalanadək olan dövrdür.

Bununla belə, Bloomberg qeyd edir ki, ABŞ-ın güc nümayişi nəticəsində Maduronun istefa verib-verməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, noyabrın 5-də Maduro ABŞ tərəfindən mümkün hərbi təzyiq halında silahlı müqavimət planını təsdiqləmişdi.

Bundan əvvəl, oktyabrın 31-də The Washington Post yazmışdı ki, Maduro ABŞ-la münasibətlərin gərginləşməsi fonunda Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək yardım istəyib. O, Rusiyadan raket və maliyyə dəstəyi, eləcə də Venesuela hərbi təyyarələrinin təmirini tələb edib.

Ayaz 

Oxşar Xəbərlər