SİYASƏT

Bakıdan sülhməramlılara "çəkilin kənara" MESAJI - Ordumuz nəzarəti ələ alır

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif bəhanələr altında səngərlər qazılması, mühəndis qurğularının inşa edilməsi ilk dəfə deyil ki, baş verir".

32gun.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Rusiya sülhməramlıları üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirsə, kənara çəkilsinlər:

"Bu hadisələrlə biz əvvəllər də rastlaşmışıq və buna qarşı öz etirazımızı dəfələrlə bildirmişik. Lakin bütün bunlara baxmayaraq Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabrında imzalanan birgə bəyanatın şərtlərində qeyd olunan 4-cü bəndin tələblərini hələ də yerinə yetirmirlər. Bu bəndin tələblərinə görə Qarabağ ərazisində mövcud olan bütün erməni silahlıları sülhməramlıların ora daxil olması ilə paralel şəkildə ərazidən çıxarılmalı idi. Biz isə bu fəaliyyətlərin tam əksini müşahidə edirik. Onlar nəyin ki, həmin ərazidən çıxarılmayıb, əksinə həmin ərazidə yenidən mühəndis qurğuları inşa edirlər, Azərbaycan ordusuna qarşı atəşkəsin pozulmasında istifadə edilə biləcək müdafiə rayonlarının mühəndis təminatı baxımından təchizatını davam etdirirlər. 

Lakin göründüyü kimi sülhməramlılar öz üzərlərinə götürdükləri vəzifələri, ölkə rəhbərləri tərəfindən təsdiqlənən fəaliyyətləri yerinə yetirmək fikrindən uzaqdırlar. Bu məsələdə Ermənistan hakimiyyətinin də kifayət qədər böyük günahları var. 

Əgər birgə bəyanatı imzalayan üç tərəfdən ikisi, yəni Ermənistan və Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, o zaman Azərbaycanın da üzərinə düşən öhdəlikləri yerinə yetirmək məcburiyyəti aradan tamamilə qalxır. Azərbaycan ərazisində Azərbaycana qarşı heç bir mühəndis qurğusu inşa edilməməlidir. Əgər erməni silahlıları belə bir fəaliyyətə yol verirsə, həmin qurğular tamamilə zərərsizləşdirilməli, həmin qurğularda Azərbaycan bayrağı qaldırılmalı və bununla da Ermənistana açıq və kifayət qədər açıq və qəti bir siqnal verilməlidir. 

Əgər Rusiya sülhməramlıları üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirsə, kənara çəkilsinlər. Bir həftə ərzində Azərbaycan ordusu öz qüvvəsi ilə birgə bəyanatda yazılan razılaşmaları tam yerinə yetirsin. Bunun üçün kifayət qədər imkan, güc və potensialımız mövcuddur".

Oxşar Xəbərlər